[:az]REAL Partiyasının sədri İlqar Məmmədov mayın 23-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə partiyanın icra katibi Natiq Cəfərli bildirib.
N.Cəfərli deyib ki, İ.Məmmədovun polis idarəsinə çağırılması partiyanın mayın 28-də İstiqlaliyyət küçəsində 1918-20-ci illər Xalq Cümhuriyyəti qurucularının abidəsi önünə əklil qoymaq niyyəti ilə bağlı ola bilər.
“Bu, adi prosedurdur. Hər il ora əklil qoyuruq. Partiya sədrinin çağırılmasına səbəb kimi ancaq bunu ehtimal edə bilirəm. Başqa hər hansı səbəb görmürəm”, – N.Cəfərli deyib.
İ.Məmmədov isə telefon zənginə cavab versə də bu barədə daha sonra, yəni polis idarəsinə gedib çıxdıqdan sonra cavab verəcəyini söyləyib.
Xatırladaq ki, 2018-ci il mayın 28-də REAL üzvlərinin Cümhuriyyətin qurulmasının 100 illiyilə bağlı bəhs edilən abidənin önünə əklil qoymaq və yürüş keçirmək istəməsi polis müqavimətilə üzləşmişdi. Partiya sədrinin müavini Azər Qasımov və bir sıra partiya üzvləri İnzibati Xətalar Məcəlləsinin maddələrini pozmaqda təqsirli bilinərək buna görə inzibati cəza almışdılar.
TURAN[:]