Gəncə hadisələrində öldürülənlərin yaxınları bəraət tələb edir

tərəfindən Gozetci

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə 18 il həbs cəzasına məhkum edilmiş Cəfər Zalov deyir ki, vaxtilə Bakıda Yunis Səfərova ev tapmağa kömək edib. Buna görə ağlasığmaz işgəncələrə, saxta ittihamlara məruz qaldığını deyən Zalov təqsirsiz olduğunu vurğulayıb. O, bu haqda fevralın 9-da Bakı Apellyasiya Məhkəməsində danışıb.

Sabiq icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və daha 11 nəfərin işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Zalovun vəkili Zibeydə Sadıqova da onun günahsız olduğunu deyir:

“Bu adamı 7-8 ay ailəsiylə danışmağa belə qoymayıblar. Cəfər Zalov iyulun 5-də evinin qarşısında tutulub, ertəsi gün evdə axtarış aparılıb. Amma özü axtarışda iştirak etməyib. Axtarış zamanı guya qadın paltarının içindən F-1 qumbarası tapılıb”.

“Mənim qardaşımın nə günahı vardı?”

Vəkil bildirib ki, birinci instansiya məhkəməsində verdiyi 30-dan artıq vəsatətin heç biri təmin olunmayıb.

Bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisi – Ağa Sərxani və Anar Bağırov saxlanılarkən öldürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi onları təqsirli hesab etsə də, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verib. Lakin hüquqi varisləri onların təqsirsiz olduqlarını deyir və bəraət verilməsini tələb edirlər.

Mərhum Anar Bağırovun bacısı Aynur Bağırova iddia edir ki, Elmar Vəliyevin qardaşı, ölkənin hərbi prokuroru Xanlar Vəliyev bu işin obyektiv araşdırılmasına imkan vermədi:

“Bizim hüquqlarımız istintaq başlayan gündən pozulub. Birinci instansiya məhkəməsində nə qədər vəsatətlər verdik, təmin olunmadı. Anar qətlə yetiriləndə yanında şahid olub, onu çağırıb dindirmədilər. Mənim qardaşımın nə günahı vardı, onu niyə öldürdülər?”.

“Çünki Ağa ibadətlə məşğul idi”

Mərhum Ağa Sərxaninin həyat yoldaşı Sevinc Sərxaninin vəkili Zibeydə Sadıqova da onun təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərdiyinə görə öldürülməsi haqda iddiaların sübuta yetirilmədiyini deyir. Vəkilin sözlərinə görə, bu məsələnin araşdırılması üçün hadisə yerində olmuş əməliyyatçıların dindirilməsini tələb edirdilər, amma məhkəmə bu vəsatəti də təmin etmədi:

“Həyat yoldaşı deyir ki, Gəncədə nəsə olan kimi Ağa Sərxanini saxlayırdılar. Çünki Ağa ibadətlə məşğul idi. Bu hadisə olandan sonra deyib ki, “istəmirəm bu işdə də adım hallansın”, Bakıya gedib. Elə Bakıda da öldürülüb”.

Məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) sui-qəsd olub. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd ittihamda terror aktı kimi dəyərləndirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.

Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər. Onlar hökmdən apellyasiya şikayəti veriblər. Həmin şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az