[:az]Gəncə hadisələrinə görə həbs olunan Müşfiq Qurbanov təcridxanada intihara cəhd edib[:]

tərəfindən Gozetci

[:az]Gəncə sakini Müşfiq Qurbanov artıq yeddinci aydır ki, Moskvada istintaq təcridxanasındadır. O, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanır. Cinayət Məcəlləsinin 20 maddəsi ilə, o cümlədən qəsdən adam öldürməyə cəhd, terrorçuluq, dövlətin konstitusiya quruluşunu dəyişmək cəhdi, quldurluq kimi əməllərdə ittiham olunan M.Qurbanov Nəsimi Rayon Məhkəməsinin qərarıyla ötən ilin iyulunda axtarışa verilib. Oktyabrın 22-də isə Moskvada həbs olunub. Birinci mərhələdə onun haqqında həbs qərarı çıxarılıb. Bu müddətdə Azərbaycan tərəfi onun təhvil verilməsi üçün öz sübutlarını təqdim etməliydi. Amma hələ ki, təqdim olunmadığından aprelin 24-də məhkəmə keçirilib və müddət daha 6 ay uzadılıb.

M.Qurbanovun anası Ənisə Qurbanova isə AzadlıqRadiosuna bildirib ki, oğlu icra başçısının güllələnməsindən 1 il 5 ay öncə Gəncəni tərk edib, ailəsi ilə birlikdə Moskvaya köçmüşdü: «Müşfiq xəstə uşaqdır, pis çıxmasın, ələbaxan adam idi. Ailə heç cür dolana bilmirdi. Ona görə 2017-ci ilin fevralında Moskvaya köçdülər. O biri oğlum da orada işləyirdi. Axırıncı dəfə Gəncədən onda çıxandı. Bunu Miqrasiya İdarəsi də təsdiqləyir».
«Rəis məcbur edirdi ki, üzünü qırxsın»
Oğlunun ruhi-psixi xəstəlikdən əziyyət çəkdiyini deyən Ə.Qurbanovanın sözlərinə görə, Müşfiq həm Gəncədə Ruhi-Əsəb Dispanserində, həm də Moskvada qeydiyyatdadır. Onun həbsindən danışan Ə.Qurbanovanın bildirdiyinə görə, oğlu oktyabrın 22-də uşaqları ilə evə gələndə iki mülkigeyimli onu tutub aparıb: «Xeyli vaxt bilmədik nə məsələdir. Bir müddət keçəndən sonra evə zəng elədi, elə vəziyyətdə idi ki… Bu yaxında məhkəmədə də dedi ki, «yazıblar, qaçıb gizlənmişəm, yalandır, mən o hadisədə Azərbaycanda olmuşam ki, qaçıb gizlənim də?». Dedi ki, «heç bir günahım olmadığı halda, altı aydır həbsdəyəm». Hətta bir dəfə damarlarını kəsib intihara cəhd göstərib. Mənim övladım sanki insanlıqdan çıxıb, ruhu qalıb. İnsana belə zülm eləyərlərmi?».
Ə.Qurbanova deyir ki, oğlunun sabiq icra başçısını güllələməkdə suçlanan Yunis Səfərovla tanışlığı, əlaqəsi olmayıb. Bu hadisəyə görə təqsirləndirilənlərdən ancaq Hamlet Abdullayevi tanıyıb. Onu da Gəncədə qonşu vasitəsilə: «Hamlet Gəncədə qonşumun oğlunun tanışı olub. Bir dəfə Müşfiq, qonşumuz və həmin Hamlet birlikdə oturub çay içiblər, vəssalam. Başqa heç bir əlaqəsi olmayıb».

Anası onu da bildirir ki, oğlu inanclı olub, saqqal da saxlayırdı. Hətta buna görə Gəncədə yerli hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə də düşmüşdü. Ə.Qurbanovanın sözlərinə görə, illər öncə onu polis idarəsinə aparıb, saqqalını qırxmağa məcbur ediblər: «Saqqalına görə onu bir neçə dəfə tutub aparmışdılar. Rəis məcbur edirdi ki, üzünü qırxsın, oğlum da istəmirdi. Hətta hədələdi ki, «əgər bir də səni bu vəziyyətdə görsəm, sənin üçün pis olacaq». Bu yenə qırxmadı. Bir dəfə polislər yenə bunu saqqalına görə tutub döydülər, üstünə şər atdılar ki, guya bu adam təkbaşına döyüb polisləri. Onu döyə-döyə idarəyə aparmışdılar. Sonra buraxdılar. Bəlkə də o vaxtdan dilə-ağıza düşüb».
Xatırlatma
Baş Prokurorluq Gəncə olayları ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə getdiyini açıqlayıb. Onlardan yalnız 2 qrupun məhkəməsi başa çatıb. Mühakimə olunanlara 5 ildən 8 ilə qədər həbs verilib. Təqsirləndirilənlər əsasən zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiqi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimətlə müşayiət olunan kütləvi iğtişaşlar maddəsi ilə ittiham ediliblər. Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Y.Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüb. Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

AzadlıqRadiosu ©[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az