[:az]Sanay Yağmura hücum edən şəxslə bağlı apelyasiya şikayəti təmin olunmayıb[:]

tərəfindən Gozetci

[:az]Məhkəmə əvvəlki qərarı qüvvədə saxlayıb

Bakı Apelyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızı Sənaya qarşı hücumla bağlı şikayətə baxılıb. 14 yaşlı Sənay da, onun valideynləri də ona hücuma görə xırda xuliqanlıqda günahlandırılan Tural Qarayevə 15 sutka inzibati həbs cəzası verilməsilə razılaşmır. Hesab edirlər ki, T.Qarayev cinayət məsuliyyətinə cəlb olunmalıdır, çünki əməlində cinayət tərkibi var. Apelyasiya şikayətində də bunu yazıb, T.Qarayev haqqında xüsusi qərar çıxarılaraq, prokurorluğa göndərilməsini, onun barəsində cinayət işi başlanmasını istəyiblər.

Z.Yağmurun Meydan TV-yə bildirdiyinə görə, hakim Qədim Babayevin sədrliyilə apelyasiya şikayətinə baxılarkən T.Qarayev yenə qızının və ailəsinin ünvanına təhqirlərini davam etdirib, onları “satqın” adlandırıb:

“Qışqırırdı ki, “bunlar satqındır, mən isə prezidentimin, vitse-prezidentimin əsgəriyəm”. O qədər aqressivlik nümayiş etdirdi ki, məcbur olub hakimdən kənardan polislərin cəlb olunmasına göstəriş verməsini xahiş etdik”.

Məhkəmədə T.Qarayev Sənayı vurmadığını, ona böhtan atıldığını bildirib.

Sənay isə bu şəxsin onu əvvəldən izlədiyini, aprelin 17-də baş vermiş hadisənin də planlı şəkildə həyata keçirildiyini söyləyib.

Vəkil Zibeydə Sadıqova hadisənin videogörüntülərinin sübut kimi iş materiallarına əlavə olunması barədə vəsatət qaldırıb. Müdafiəçi görüntüləri təqdim etmək istəsə də, hakim qəbul etməyib.

Çıxışlardan sonra müşavirəyə gedən hakim bir neçə dəqiqə sonra geri qayıdaraq, şikayətin təmin olunmadığını, Yasamal Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarının qüvvədə saxlandığını elan edib.

Z.Yağmur bildirib ki, qərardan həm Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək, həm də T.Qarayevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Sənay Yağmur aprelin 17-də rəfiqəsi ilə birlikdə ingilis dili kursundan gələrkən Bakı Dövlət Universitetinin yaxınlığında hücuma məruz qalıb. Sosial şəbəkələrdə yayılan videodan görünür ki, həmin vaxt T.Qarayev onu dövlətə xəyanət etməkdə günahlandırır, ondan prezidentdən, vitse-prezidentdən üzr istəməsini tələb edir.

İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə T.Qarayevə 15 sutka inzibati həbs cəzası verilib.

 

MEYDAN[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az