[:az]Hüquq müdafiəçisi Samir Kazımlı Azərbaycana giriş-çıxışı zamanı dövlət sərhədində məruz qoyulduğu xüsusi yoxlamalarla əlaqədar AİHM-yə müraciət edib.
Kazımlı bildirib ki, 2014-cü il noyabrın 11-dən Azərbaycana giriş-çıxışı zamanı Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlayırlar və Dövlət Gömrük Komitəsinin nümayəndələrinə təhvil verirlər. Onlar əl baqajına baxış keçirir, üzərində nağd pul, bank kartı olub-olmadığını yoxlayır, səfərinin səbəbləri, iş yeri haqqında sorğu-sual edir, pasportunun vizalar olan səhifələrinin surətini çıxarırlar.
Beş il ərzində o, 34 dəfə belə yoxlamaya məruz qalıb. Bu zaman ona heç bir izahat verilmir. Fəal sərhəd xidməti və gömrük əməkdaşlarının öz aralarında danışarkən onu C5 və C11 adlandırdıqlarını eşidib.
O, yoxlamaların səbəbinin 2014-cü il oktyabrın 22-də “The New York Times” qəzetində dərc edilmiş Azərbaycanda QHT-lərin təqibi haqqında məqaləsi, habelə hüquq müdafiə və ictimai fəaliyyəti olduğunu hesab edir (https://www.nytimes.com/2014/10/23/opinion/azerbaijans-increasingly-intolerant-regime.html).
Çünki ilk dəfə o, belə yoxlamaya həmin məqalənin dərc edilməsindən 20 gün sonra Osloya uçarkən məruz qalıb. Fəal sərhəd xidmətini və gömrüyü məhkəməyə verib, amma nəticə əldə etməyib.
TURAN[:]