[:az]Sahibkarlar yanan Mərkəzin rəhbərliyi ilə görüşüb[:]

tərəfindən Gozetci

[:az]Bu gün, martın 27-də mağazaları yanan sahibkarlar daha sonra «Diqlas» Ticarət Mərkəzinin rəhbərliyi ilə görüşüblər. Açıq havada keçirilən bu görüşdə isə daha çox, minə yaxın insan iştirak edib.

Görüş saat 16:10 radələrində başlayıb.

Mağazaları yanan insanların qarşısına Mərkəzin rəhbərliyindən Araz Rəhimov deyilən şəxs çıxıb. Amma o qeyd edib ki, Mərkəzin yarısına rəhbərlik edib: «Siz bizə dəstək olun, biz sizə. Kiminsə malı yanıbsa, mənim də evim yanıb. Gedib sahibkarlarla görüşəcəm, görüm onlar nə deyir. Mənə vaxt verin. Təmir edilsin. Camaat işləyib ziyanını çıxartsın. Nisyə mal qoyub satarlar. Bu müddət ərzində icarə haqqı alınmasın…».

Yerlərdə narazılıq eşidilib. O, «Bəs siz nə təklif edirsiniz» deyə sual edib. Üstəlik, əlavə edib ki, heç kimin sığortası yoxdur.

Yerlərdən ayrı-ayrı mağaza sahibləri bildiriblər ki, təmir 5-6 ay çəkə bilər, həmin müddətdə ailələri çörəksiz qalacaq.

A.Rəhimov isə deyib ki, hava limanından elə birbaşa görüşə gəlib. Onun sözlərinə görə, xaricdə müalicədə olub, müalicəsini yarımçıq qoyub. «Axşam gedib sahibkarlarla görüşüm, görüm nə deyirlər», – o vurğulayıb.

O, daha sonra da əlavə edib ki, kimisə günahkar çıxarmaq lazım deyil: «Sonra içinizdən 10-15 adam seçin, ağsaqqal, daha hər dəfə hamı yığışmasın, birgə hərəkət edək…».

Yerlərdən mağaza sahibləri deyiblər ki, onlar kompensasiya istəyirlər.

«Siz sahibkarlara deyin ki, biz kompensasiya istəyirik», – deyə yerlərdən vurğulayıblar.

Görüş başa çatıb. Mağaza sahibləri görüşdən ayrılarkən, verilən cavabdan razı qalmadıqlarını, onların yola verildiyini bildiriblər.

«Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət səviyyəsində qorunacaq».

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov görüşün yekunlarına doğru deyib.

«Ortada ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələriniz olub. İndi həmin şəxslərə deyə bilmərəm ki, bunlara filan qədər pul verin. Xahiş edirəm, gözləyin…»,- icra başçısı qeyd edib.

Görüş başa çatıb.

Şikayətçilər icra hakimiyyətinin iclas zalına toplaşıblar. Onlar deyiblər ki, yerlərinin təmir edilməsini və düşdükləri ziyanın ödənilməsini tələb edirlər.

Şikayətçilər vurğulayıblar ki, icra hakimiyyətinə daha çox adam gəlmək istəyib, sadəcə yolda maneələrlə üzləşdiklərindən bəziləri gəlib çıxa bilməyib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bir qədər sonra şikayətçilərlə görüş başlayıb. İcra hakimiyyətinin nümayəndələri bildiriblər ki, məsələnin araşdırılıb həll edilməsindən ötrü onlara vaxt verilməlidir. İcra hakimiyyətinin rəsmiləri vurğulayıb ki, yanğın özəl mülkdə baş verib. Üstəlik, onların deməsinə görə, hər şeydən əvvəl dəymiş ziyanın məbləği müəyyən edilməlidir. «Bu bir günlük məsələ deyil. Bu, dövlət əmlakı deyil. Birbaşa nəzarətdə olan məsələdir. Haqqı olanın haqqı tapdalanmayacaq. İstintaq başa çatan kimi sizə söz deyiləcək», – rəsmilər qeyd ediblər.

Sahibkarlar isə qeyd ediblər ki, onlar yeri alanda «şapka» ödəyiblər. Onların demələrinə görə, əgər kompensasiya verilməsə, heç olmasa, ödədikləri «şapka» qaytarılsın. Sahibkarlar sözlərinin yuxarılara çatdırılmasını xahiş ediblər.

İcra hakimiyyəti rəsmiləri isə deyiblər ki, bütün sözlər lazımı orqanlara çatdırılacaq. Rəsmilərin vurğulamasına görə, dövlət sahibkarların hüququnu qoruyacaq. «Haqlı olan müdafiə olunacaq», – icra hakimiyyətindən deyiblər.

İcra hakimiyyətindən habelə vurğulayıblar ki, əgər kimin-kimdən alacağı varsa, bu, istintaqa bildirilməlidir.

«Dövlətimiz sizin yanındadır. Heç kim yola verilmir…», – icra başçısı Arif Qasımov vurğulayıb.

Sahibkarlar isə bildiriblər ki, haqlarının qorunacağı ilə bağlı onlara qarantiya verilməlidir. Onların demələrinə görə, bəzilərinin evlərində çörəkpulu yoxdur.

«Araşdırma gedir. Vaxt lazımdır. Başqa yolu yoxdur…», – icra hakimiyyətindən qeyd ediblər.

İcra hakimiyyətindən həmçinin vurğulayıblar ki, kimə müvəqqəti iş lazımdırsa, müraciət edə bilərlər.

 

Dünən, martın 26-da səhər saat 8 radələrində «Diqlas» Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Yanğının yalnız günün ikinci yarısı söndürüldüyü açıqlanmışdı. Hadisə yerində olan şahidlərin bildirməsinə görə, nəticədə həm dördmərtəbəli Mərkəz, həm də ona bitişik bir sıra binalar yanıb. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilir. Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar. İlkin açıqlamaya görə, yanğın öncə binadakı gül mağazasında başlayıb. Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az