[:az]Rüşvət alması təsdiqlənən birlik sədrinə büdcədən 1 milyon manatı ayrılıb[:]

tərəfindən Gozetci

[:az]Bir il öncə Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavininə hökm olunub

Fevralın 21-də prezident İlham Əliyev 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayırıb.

Prezidentin fevralın 21-də verdiyi sərəncamdan cəmi 1 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin bu gün də sədri olan Məhəmməd Vəliyev və onun müavini Cavan Əhmədovun işi üzrə məhkəmə prosesi keçirilirdi.

Birlik sədri və müavini dələduzluqda, rüşvət almaqda və sənədləri saxtalaşdırmaqda ittiham olunurdular. Məhəmməd Vəliyev və Cavan Əhmədov barəsində cinayət işi 40-a yaxın əfqan döyüşçüsünün şikayətləri əsasında başlanmışdı. Şikayətçilər 8 mindən çox üzvü olan ictimai birlikdə korrupsiyaya yol verildiyini, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda rüşvət tələb olunduğunu və alındığını bildirmişdilər. Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb. Lakin həmin torpaq sahələri Əfqanıstanda döyüşmüş şəxslərə paylanmamışdı, satılmışdı.

Həmin dövrdə məsələ ilə bağlı əfqan döyüşçüləri mətbuata ünvanladıqları müraciətdə yazırdılar ki, onlara ayrılan torpaqlar satılıb.

“Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər? Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb” –deyə müraciətdə qeyd olunurdu.

Şikayətçilər yazırdılar ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: “11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir”.

Onlar bildirirdilər ki, Əfqanıstan veteranlarına maşın verilməsi nəzərdə tutulsa da, 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Həmin günlərdə zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub ünvanlamışdılar. Oradan isə iş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Araşdırmaların nəticəsi olaraq Məhəmməd Vəliyevə və Cavan Əhmədova dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılması ittihamı elan olunaraq iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.

6 iyun 2018-ci il tarixində Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Məhəmməd Vəliyev və Cavan Əhmədov təqsirli bilinib hər birinə 8 il cəza təyin edilib və cəzanın 2 il sınaq müddəti olmaqla şərti hesab olunub.

Məsələyə adıçəkilən şəxslərin münasibətini öyrənmək mümkün olmayıb. Birliyə məxsus telefonlar cavablandırılmayıb. Mətbuatda isə Məhəmməd Vəliyevlə Cavan Əhmədovun hökmdə yuxarı instansiyaya şikayət edib-etməməsi ilə bağlı heç bir məlumata rast gəlinmir. Yalnız fevralın 15-də Mingəçevir şəhərində Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30 illiyinə həsr olunmuş tədbir haqqında məlumat var. Həmin tədbirdə Məhəmməd Vəliyevlə Cavan Əhmədov da iştirak ediblər.

 

MEYDAN TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az