[:az]Təqsirləndirilən şəxs jurnalistlərin prosesdə iştirakını istəməyib
Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun məhkəməsi başlayıb. O, rüşvət alıb rayon ərazisində qanunsuz tikililərin inşasına şərait yaratmaqda ittiham olunur.
Dekabrın 20-də hakim Mahmud Ağalarovun sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. X.Məmmədova qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 34,312-ci (rüşvət verməyə təhrik) maddələrilə ittiham irəli sürülüb.
X.Məmmədov özünü təqsirli bilməyib. Hakim ona ifadə verməyi təklif etsə də, o bildirib ki, növbəti məhkəmədə danışacaq.
Təqsirləndirilən sabiq məmur həm də media nümayəndələrinin onun məhkəməsində iştirakına etiraz edib. Hakim bildirib ki, açıq məhkəmə prosesidir və istənilən adam iştirak edə bilər.
Məhkəmə dekabrın 24-nə təyin edilib.
X.Məmmədov dekabrın 13-də vəzifəsindən azad edilən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun qohumudur.
O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin prokurorluğa müraciəti əsasında həbs olunub.
MEYDAN TV[:]