[:az]’REAL-a və tənqidlərimə görə vəkil olmağa imkan vermədilər'[:]

tərəfindən Gozetci

[:az]Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən imtahanların nəticələri açıqlanıb. Vəkil olmaq istəyən təxminən 2 min nəfərdən cəmi 90-nı Kollegiyaya qəbul edilib. Birinci mərhələdən – Dövlət İmtahan Mərkəzinin keçirdiyi testlərdən 607 nəfər keçmişdi. İkinci mərhələ isə şifahi müsahibə idi. Bu mərhələni keçirən ixtisas komissiyası 11 nəfərdən ibarətdir – 5 vəkil, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsindən olmaqla, 3 hakim və 3 nəfər də hüquqşünas-alim.

Test mərhələsində uğurlu nəticə göstərsə də, müsahibədən keçməyənlərdən biri də hüquqşünas Ramil Süleymanovdur. Deyir ki, onun Vəkillər Kollegiyasından kənarda qalması qərəzin nəticəsidir. Səbəb isə, deməsinə görə, 2015-ci ildə parlament seçkilərində namizəd kimi REAL Hərəkatı tərəfindən dəstəklənməsi, haqsızlıqlar qarşısında susmaması və bir sıra məsələlərdə etirazçı mövqedən çıxış etməsidir. Məsələn, 2017-ci ilin sonunda qanunvericiliyə dəyişiklik edilib, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların nəinki cinayət, hətta mülki, inzibati işlərə də çıxması qadağan ediləndə buna etiraz edən Praktik Hüquqşünaslar Qrupunun üzvləri arasında R.Süleymanov da vardı.

Bu barədə AzadlıqRadiosuna danışan R.Süleymanov deyir ki, tənqidçi fəaliyyətinin vəkil olmaq yolunda ona mane ola biləcəyini öncədən özü də başa düşürdü. Bunu nəzərə alaraq, şifahi müsahibə mərhələsindən əvvəl Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşüb:

«Açıq və fəal şəkildə etirazlarımı hakim komanda və onun yerlərdəki nümayəndələrinin hiddətlə qarşıladığını bilirdim. Anar Bağırov mənimlə görüşdü. Ona açıq və konkret dedim ki, siyasi fəaliyyətim yoxdur, gələcəkdə də olmayacaq, yalnız vəkilliklə məşğul olacağam. Ona görə də mənə şifahi mərhələdə süni əngəl yaradılmamasını xahiş etdim. Çünki yazılmayan oyun qaydalarını bilirdim. Mənə istehzalı şəkildə, özündən razı formada elə cavab verdi ki, sanki adam öldürmüşəm, basdırmaq üçün onun bağında torpaq sahəsi istəyirəm. Vəkil Muxtar Mustafayevin (Kollegiyanın Rəyasət Heyətinin üzvü) məni niyə işdən çıxardığını soruşdu. Cavab verdim ki, REAL-a görə, amma mənim təşkilatda nəzərə çarpacaq fəaliyyətim olmayıb, bundan sonra da olmayacaq. Anar Bağırov məndən bu məsələdə Muxtar müəllimlə görüşüb onun razılıq və zəmanətini almağımı istədi».

R.Süleymanovun sözlərinə görə, M.Mustafayev də ona mitinqlərdə iştirakı, kəskin çıxış tənqidlərini, Avropa Şurası ilə əlaqələrini irad tutub:

«Dedim ki, mən Avropa Şurasının Avropa İnsan Haqları Konvensiyası üzrə təlimçisiyəm, bunu heç də hamı bacarmır. Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri arasında da Avropa Şurasının təlimçisi olan şəxslər var. Mitinqdə isə heç vaxt iştirak etməmişəm. Bundan sonra mən Muxtar müəllimlə «kişi sözü» danışdım, o da mənə «kişi sözü» verdi ki, zamin durur. Amma «ayağımı sağa-sola atsam, güllə düz alnımdan dəyəcək». Bundan sonra müəyyən mənada rahatlıq yarandı».

Hüquqşünas deyir ki, şifahi müsahibədə 5 sualdan 3-ünə yaxşı, 1-inə kafi cavab verib: «Suallara ümumilikdə 60-70 faiz cavab verdim. Həmin gün çağrılan 12 nəfərdən 10-u keçmişdi, qalan iki nəfərin biri mən, o biri də vəkil Əsabəli Mustafayevin oğlu Ruslan Mustafayev oldu. Məsələ artıq gün kimi aydın idi…».

R.Süleymanov kənarda qalandan sonra Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşmək qərarına gəlib. Rəyasət Heyətinin sədri və iki üzvü ilə görüşüb. A.Bağırov ona suallara normal cavablar verə bilmədiyinə görə Kollegiyadan kənarda qaldığını söyləyib:

«Mən ikinci tur imtahanının düzgün təşkil olunmadığını, əslində testlə akademik imtahan verdiyimizi dedim. Anar Bağırov bildirdi ki, test imtahanı ona maraqlı deyil. Bildirdim ki, çünki test imtahanında insan faktoru yoxdur, nəticələrə o və onun kimilər təsir göstərə bilmir. Aramızda uzun mübahisə yarandı. Anar Bağırov və onun kimilər fikirləşməsinlər ki, məni sındırdılar. Mənə görə, əsl türkçülük, insanlıq ağızdan çıxan sözün ağası olmaq, mərd-mərdanə mübarizə aparmaq, haqq-ədalətlə yaşamaq, kişi kimi yaşayanı çörəklə imtahana çəkməməkdir».

Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının hüquqşünas-məsləhətçisi Orxan Babayev AzadlıqRadiosuna bildirib ki, R.Süleymanov bu quruma da etiraz məktubu göndərib: «Namizədlərin nəticələrlə bağlı şikayətlərini beş gün ərzində bildirmək hüququ var. Ramil Süleymanov da ərizəsini göndərib. Rəyasət Heyətinin növbəti iclasında şikayətə baxılıb qərar veriləcək».

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasının vaxtı isə hələlik bəlli deyil.

Son aylar müxalifət təmsilçilərini və jurnalistləri müdafiə edən bəzi vəkillər ya Kollegiyadan çıxarılıb, ya da fəaliyyətləri bir illik dayandırılıb. Onlar bunu, əsasən, müdafiə etdikləri şəxslərin işgəncə və başqa qanunsuz hallarla bağlı şikayətlərini ictimailəşdirmələri ilə izah ediblər.

Vəkillər Kollegiyasının rəhbərliyi isə bildirir ki, vəkillərin mətbuata məlumat vermələrinə etiraz etmirlər. Kollegiya rəhbərliyinin fikrincə, sadəcə həmin vəkillər qanunvericiliyin tələblərini pozublar.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az