[:az]Vətəndaş Camal Rzayev evini dağıdan tikinti şirkətini məhkəməyə verib[:]

tərəfindən Gozetci

[:az]Dövlət vətəndaşlara fəal olmağı və bütün məsələləri hüquqi müstəvidə həll etmək üçün şikayətlərlə müraciət etməyi təklif edir. Bütün dövlət orqanları təcili şikayətlərin verilməsinin mümkün olması üçün öz saytlarını yaradıblar. Ancaq Bakının Nəsimi rayon sakini Camal Akif oğlu Rzayev evinin dağıdılması ilə bağlı Prezident Aparatına, Milli Məclisə, ombudsmana və birinci xanıma müraciət göndərsə də bildiriş alıb ki, onun şikayətləri Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilir. C.Rzayevin şikayət etdiyi şəxslər isə deyirlər ki, tikinti şirkəti ilə profilaktik iş aparıblar. Yazışmanın isə nəticəsi yoxdur.

C.Rzayevin ev sahibi statusundan bomj vəziyyətinə düşməsi hələ 2017-ci ilin martında başlayıb. Belə ki, Pilot İnşaat-A tikinti şirkətinin nümayəndələri onun evinə gələrək bildiriblər ki, Ş.Əzizbəyov küçəsindəki şəxsi ev “pilot layihə”yə düşüb və Nazirlər Kabinetinin 86-cı qərarına uyğun olaraq söküləcək. Qısaca xatırladaq ki, bu sərəncam köhnə, qəzalı vəziyyətdə olan evlərin sökülməsini və onların yerində inşa edilən yeni binada ev sahibinə mənzil verilməsini, ya da maliyyə kompensasiyasının ödənilməsini nəzərdə tutur. Qeyd etmək lazımdır ki, köhnə evin söküntüsü ev sahibi və tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında mümkündür. C.Rzayev həyətyanı ərazisi olan şəxsi evin sahibidir. Evi 1890-cu ildə ulu babası tikib. Texniki pasporta görə, daşınmaz əmlakın 100 kv. m. sahəsi və 140 kv. m. həyəti var. Şirkətin Valeh adlı nümayəndəsi (məlum olub ki, həm də sahibidir) bildirib ki, həyətə görə pul verilməyəcək. Ya 1 kv. metrə görə 1500 manat ödəyəcəklər, ya da tikinti başa çatdıqdan sonra 100 kv.м + 20% sahəsində mənzil ayıracaqlar. Tikinti müddətində isə ona müvəqqəti ev kirayəsi üçün ayda 400 manat veriləcək. Yəni, C.Rzayev 140 kv. m. həyətini şirkətə verməlidir, çünki həyət üzrə mülkiyyət kağızı yoxdur.

Ancaq daşınmaz əmlak üzrə dövlət reyestrindən çıxarışda deyilir ki, həyətyanı ərazi Camala istifadə üçün verilib. Nazirlər Kabinetiin 86-cı qərarına (bənd 1.2) görə, “fiziki və ya hüquqi şəxslərin sahibliyində və ya istifadəsində olan torpaq onun dəyəri ödənildikdən sonra tikinti şirkəti tərəfindən istifadə oluna bilər” (25 fevral, 2016-cı il, Nazirlər Kabinetinin 86 saylı qərarı).

C.Rzayev ona təklif edilən müqavilə ilə tanış olub. “Pilot layihə”nin dövlət əhəmiyyətli olması barədə şirkətin məlumatlarına baxmayaraq, müqavilədə dövlət tərəfindən zəmanət əksini tapmayıb. Yəni, tikinti şirkəti hansısa səbəblərdən vətəndaş qarşısındakı öhdəliklərini yerinə yetirməyə bilər, dövlət bu mübahisəyə qarışmayacaq.

C.Rzayev Nəsimi Rayon İcra Hakimiyyətinin qərarı ilə tanış olub. Qərarda deyilir ki, Ş.Əzizbəyov, Mərdanov qardaşları, S.Əsgərova, S.Vurğun küçələri arasındakı məhəllə Pilot İnşaat-A tikinti şirkətinin istifadəsinə verilib. Burada isə özbaşınalıq hökm sürür. Necə ola bilər ki, fiziki və ya hüquqi şəxsin istifadəsinə verilmiş torpaq onun razılığı olmadan, xəbərdar edilmədən, məhkəmə qərarı olmadan başqa şəxsə verilsin?

Bu, Azərbaycan Konstitusiyasının 13.1, 29.1, 29.2, 31.1, 31.2 bəndlərinin birbaşa pozulmasıdır”, – C.Rzayev hesab edir.

O, sadəlövhcəsinə inanırdı ki, Pilot İnşaat-A şirkəti ilə arasında olan münaqişə hüquqi müstəvidə həllini tapacaq. Ancaq 2017-ci il iyulun 23-dən 24-nə keçən gecə onun evinin bir hissəsi dağıdılıb. Dağıntı evin yanında binanın təməlinin düzgün qazılmaması nəticəsində baş verib. C.Rzayevin ev əşyaları korlanıb. Onların bəxti gətirib ki, yay olub, ailə bağda yaşayıb, ev boş olub, adamlar xəsarət almayıblar. İcra Hakimiyyətinin əməkdaşları dağıntı yerinə gəliblər. Onlar ev sahibini inandırmağa çalışıblar ki, ev qəzalı vəziyyətdə olub, onlarda hətta FHN-in rəyi var. Ancaq sənədi təqdim etməyiblər. C.Rzayevin 72 yaşlı atası infarkt və insult keçirib, Neftçilər xəstəxanasına yerləşdirilib.

C.Rzayev tikinti şirkəti ilə mübarizəni davam etdirib, evin qalan hissəsinin sökülməsinə mane olmağa çalışıb. Həmin vaxt iş məhkəmədə olub. Və o, yenə güman edib ki, dağıntı dayandırılacaq, ən azı məhkəmə çəkişməsi müddətində. Ancaq Pilot İnşaat-A evin qalan hissəsini də söküb.

Dağıdılmış evin sahibi göründüyü kimi, inadkar qalmaqalçı deyilmiş. O, məsələnin dinc nizamlanması üçün şirkətə dörd variant təklif edib, ancaq heç biri qəbul edilməyib.

Ev söküldükdən sonra tikinti şirkətinin ofisində İcra Hakimiyyəti nümayəndələrinin (təsərrüfat şöbəsinin rəisi və rayonun baş memarı) iştirakı ilə görüş olub. Onlar vətəndaşların tikinti şirkətinin şərtlərini qəbul etməsinə təkid ediblər.

“Qəribədir. İcra Hakimiyyəti ilk növbədə rahatsızlığa məruz qalan vətəndaşların maraqlarını müdafiə etməlidir. İndiki halda isə İcra Hakimiyyəti hər vəchlə inşaatçıların işini asanlaşdırmağa çalışır. Bir müddət sonra mən İcra Hakimiyyətinin həmin nümayəndələri ilə yenidən görüşdüm. Bu görüşdə onlar guya vətəndaşlara əziyyət verdiklərinə, hakimiyyətə dezinformasiya ötürdüklərinə görə inşaatçıları danladılar. Məlum olur ki, tikinti şirkəti İcra Hakimiyyətinə bildirib ki, mənimlə razılaşma əldə olunub”, – C.Rzayev qeyd edib.

Şirkət sahibləri ilə görüş zamanı C.Rzayev bildirib ki, məhkəməyə müraciət etməli olacaq. Cavabında isə “kimə istəyirsən şikayət et, heç kim mənə heç bir şey edə bilməz. Mənim çox güclü “arxa”m var” sözlərini eşidib.

C.Rzayevin Pilot İnşaat-A şirkətinə qarşı iddiası üzrə məhkəmə prosesi davam edir..

Turan agentliyi aprelin 18-də gün ərzində Seven points adlandırılan Pilot İnşaat-A şirkətinin ofisinə telefon edib. Redaksiya inşaatçıların mövqeyini öyrənmək istəyib. Ancaq nə mobil, nə də şəhər telefonları cavab verməyib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az