[:az]İntiqam Əliyev iki ildir həbsdən çıxsa da, ofisi hələ də möhürlüdür[:]

tərəfindən Gozetci

[:az]Üç il öncə – 2015-ci ilin aprelində hüquq müdafiəçisi İntiqam Əliyevə hökm oxunmuş və o, 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Təxminən bir il sonra – 2016-cı ilin martında Ali Məhkəmə hüquq müdafiəçisinin 5 il şərti cəza ilə həbsdən buraxılmasına qərar verdi. İ.Əliyev iki ildir azadlıqda olsa da, rəhbərlik etdiyi təşkilatın – Hüquq Maarifçiliyi Cəmiyyətinin yerləşdiyi ofisin qapısı hələ də möhürlüdür. Ofis 2014-cü il avqustun 8-də – o, həbs olunarkən möhürlənmişdi.

İ.Əliyev AzadlıqRadiosuna bildirib ki, ofisin dörd ildir bağlı saxlanması bir yana, həbs olunduğu gün oradan götürülmüş sənədləri, avadanlıqları da bu günə qədər qaytarmayıblar.

İ.Əliyev haqqında hökm və qərarlarda ofislə bağlı hər hansı göstəriş, tələb yoxdur. Paytaxtın «Azadlıq prospekti, 47» ünvanında yerləşən və ofis kimi istifadə olunan mülkiyyətin sahibi də İ.Əliyev deyil.

Hüquq müdafiəçisi deyir ki, həbs olunduğu gün ofisdən götürülmüş sənədlərin, kompüterlərin az bir hissəsi qaytarılıb: «Onlar da daha çox əhəmiyyətsiz olanlardır».

İ.Əliyevin sözlərinə görə, Avropa Məhkəməsində təmsil etdiyi bir çox ərizəçilərin şikayətləriylə bağlı vacib sənədlər, onun haqqındakı cinayət işiylə heç bir əlaqəsi olmayan avadanlıqlar dörd ilə yaxındır qaytarılmır. Hüquq müdafiəçisi həbs olunan gün onun evindən götürülən əşyalar arasında övladlarına məxsus avadanlıqlar da vardı.

İ.Əliyev deyir ki, sənədlərin, evdən və ofisdən götürülmüş bütün əşyaların geri qaytarılması, ofisin açılması üçün dəfələrlə prokurorluğa müraciət etsələr də, heç bir əsaslı cavab ala bilməyiblər. İ.Əliyev və yaxınları həm sənəd və əşyaların qaytarılması, həm də ofisin açılmasından ötrü məhkəməyə müraciət edib. Amma yerli məhkəmələrin heç biri şikayəti təmin etməyib.

Hüquq müdafiəçisi bildirib ki, bu məsələ ilə əlaqədar Avropa Məhkəməsinə göndərilmiş şikayət üzrə araşdırmalar başa çatmaq üzrədir, kommunikasiya – hökumət və ərizəçilərə sorğu göndərilib, cavab alınması mərhələsi bitib. Qərarın qəbulu gözlənilir.

Prokurorluq bir sıra təşkilat rəhbərlərinə qarşı qadağaların hələ də aradan qaldırılmamasının səbəblərinə aydınlıq gətirməkdən imtina edib.

İ.Əliyev sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlamışdı. O, ittihamları rədd edirdi və insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərə görə cəzalandırıldığını bildirirdi.

2016-cı ilin martında baş prokuror Zakir Qaralov əlavə kasasiya qaydasında protest vermiş və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxıb. Beləliklə, martın 28-də İ.Əliyevin 5 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az