[:az]Məhkəmə evi sökülənlərin şikayətini rədd edib[:]

tərəfindən Gozetci

[:az]7 aydır ki, Nərimanov rayonundakı Mövsüm Sənani küçəsinin sakinləri evsiz qalıblar. “Evrostroy –S.S” adlı şirkət 9 oktyabrda 3 evi məhkəmə qərarı olmadan, “pilot layihə” adı ilə söküb. Vətəndaşlar buna görə məhkəməyə üz tutsa da, onların xeyrinə qərar verən olmayıb.

“Dəyən zərər barədə Sabunçu rayon 2 saylı İnzibati Məhkəməsinə müraciət etdik ki, bizə filan qədər ziyan vurublar. Mülkiyyətimizi uçurublar, əmlakımız buldozerin altında qalıb. Xahiş etdik ki, bizə təzminat ödəsinlər, çöllərdə qalmışıq. Konstutiyasının 29-cu maddəsi pozula-pozula, mən əmlak hüququmdan məhrum ola-ola, hakim rüşvət alıb Nərimanov rayon İcra Hakimiyyətinin xeyrinə qərar çıxardı. Dedi, sizin iddianız ləğv olunur, sübutlarınızı da saymıram”-evi sökülən İsmət Əbdürrəhmanov deyir.

Şirkət sakinlərə tikiləcək binadan ev verməyi vəd edir. Sakinlər isə bu vədə etibar etmir. Onlar müxtəlif dövlət qurumlarına müraciət edib, lakin cavabsız qalıblar.

“Hər yerə yazmışıq, prezidentə də, vitseprezidentə də. Bilmirik ki, nə edək? 7 aydır küçələrdə qalmışam, soruşan yoxdur, nə yeyib-içirsən? Harada yaşayırsan? Bu qədər də yiyəsizlik, harınlıq, qudurğanlıq olar?”- digər bir evi sökülən sakin Ələsgər Əlizadə gileylənir.

İndi həmin ərazidə söküləcəyi deyilən iki ev qalıb.

“Yox, mən çıxmayacam. Məni də sürüyüb aparsın, öldürsün. Mən evimi vermədən, yaşaya-yaşaya uçura bilər? Uçursalar da, bir şüşə benzinlə özümü yandırıb öldürəcəm”- sakin Gülü Nəbiyeva danışır.

Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Nazirlər Kabinetinin 2016-ci ildə verdiyi 86 nömrəli qərara görə Bakının 9 rayonunda qəzalı vəziyyətdə olan binalar sökülməlidir. Qərarda yazılır ki, hüquqi və fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan torpaq sahələri onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməli və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şərait yaradılmalıdır. Sakinlər isə evlərinin onlar razı salınmadan söküldüyünü deyirlər. İndi vətəndaşların yeganə güman yeri Avropa Məhkəməsidir.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az