[:az]“Qızımdan günlərdir xəbər ala bilmirəm. 4-cü polis bölməsinə məlumat vermişik, axtarırlar. Hələlik, nəsə məlumat yoxdur”, – Fatimə Mövlamlının anası Vüsalə Mövlamovanın sözləridir.
Ailəsi ictimai fəal Fatimə Mövlamlıdan 6 gündür ki, xəbər ala bilmir. Anası onun martın 31-dən yoxa çıxdığını deyir:
“Mitinqdən sonra evə zəng etmişdi, danışdıq. Ondan sonra yoxa çıxıb. Onun harada olması ilə bağlı hər hansı bir fikrim yoxdur. Hər halda polis axtarır, görək necə olacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) “Turan”-a bildiriblər ki, F.Mövlamlı martın 31-də Demokratik Qüvvələrin Milli Şurasının Müsavat Partiyası ilə birgə etiraz aksiyasında iştirak edib:
“O, martın 31-dən yoxa çıxıb. Bütün yaxınlarla əlaqə saxlansa da, onu “gördüm” deyən yoxdur”, – deyə partiyadan bildiriblər. Müxalifətçi fəalın yaxınları əlaqəli qurumlara, o cümlədən Daxili İşlər Nazirliyinin “102 Xidmətinə” müraciət etdiklərini deyir. Ancaq hələlik müxalif fəaldan xəbər yoxdur”.
Yaxınlarının sözlərinə görə, müxalif fəal həm də son zamanlar “Diktatoru tanıdaq” kampaniyasının Bakıdakı iştirakçılarından olub. Onlar F.Mövlamlının siyasi baxışlarına, fəallığına görə saxlana biləcəyini düşünür.
Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində “diktatoru tanıdaq” adlı aksiyalar keçirirlər.
Daxili İşlər Nazirliyindən F.Mövlamlının durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.
Ümumiyyətlə, onun yoxa çıxması ilə bağlı rəsmi məlumat yayılmayıb.[:]