[:az]Vəkil inzibati cəza alan cəbhəçi ilə görüşüb[:]

tərəfindən Gozetci

[:az]Dünən, fevralın 28-də vəkil Əshabəli Mustafayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 sutka inzibati həbs cəzası alan üzvü Tofiq Məmmədovla görüşdüyünü deyir.

Vəkilin bildirməsinə görə, T.Məmmədovun 15 sutka cəza alması ilə bağlı məhkəmə qərarından çıxarışda həbsin hansı hüquqpozmaya görə verildiyi məlum deyil:

«Qərardan çıxarışda ancaq T.Məmmədova 15 günlük inzibati həbs cəzası verilməsi hissəsi var. Yasamal Rayon Məhkəməsinə gedərək qərarın özünü də əldə edəcəyəm».

Vəkil ehtimal edir ki, bu cəzanın real səbəbi T.Məmmədovun limon satarkən polisin davranışından şikayətlənməsi ilə bağlı ola bilər.

Bir müddət öncə sosial şəbəkələrdə T.Məmmədovun polis əməkdaşlarından şikayəti yayılıb. Orada cəbhəçi bildirib ki, metro çıxışlarında limon satmaqla ailəsini dolandırmağa çalışır, polislər buna imkan vermir.

«Mənə deyirlər ki, get, nə istəyirsən elə, lap narkotik sat, amma limon satma, küçə ticarəti qadağandır», – deyə T.Məmmədov açıqlamasında vurğulayırdı.

O, daha sonra KİV-ə müsahibə verərək bu açıqlamadan sonra təzyiqlərlə üzləşdiyini iddia etmişdi. Amma həmin vaxt Daxili İşlər Nazirliyindən bu məsələyə hər hansı bir münasibət bildirilməmişdi.

Ə.Mustafayev bildirib ki, həbs qərarından apelyasiya şikayəti vermək niyyətindədir. Yasamal Rayon Məhkəməsindən qərarı aldıqdan sonra bu məsələ ilə məşğul olacaq.

Vəkilin bu açıqlamasına hələlik Daxili İşlər Nazirliyindən və Yasamal Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

AXCP üzvü T.Məmmədov bu il fevralın 21-də saxlanaraq 15 sutka inzibati cəza alıb. Onun ictimai qaydanı pozmaqda və polisə müqavimətdə günahlandırıldığı ehtimal edilir.

T.Məmmədov 2017-ci ilin oktyabrında da saxlanıb, ona 200 manat cərimə cəzası kəsilib. Bundan bir neçə gün sonra o, atası Oruc Məmmədova da təzyiqlərin olduğunu bildirirdi. T.Məmmədovun deməsinə görə, mitinqlərə qatıldığına görə tək özü yox, atası da incidilir.

Amma Azərbaycan hüquq-mühafizə orqanları razılaşdırılmış aksiyalara görə müxalifətçilərin cəzalandırılması ilə bağlı şikayətləri qəbul etmirlər. Dövlət başçısı da son dönəmlərdə dəfələrlə vurğulayıb ki, ölkədə sərbəst toplaşmaq azadlığı qorunur[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az