[:az]İcra başçısı vəkildən şikayət edib[:]

tərəfindən Gozetci

[:az]Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun Vəkillər Kollegiyasına şikayət etdiyi bildirilir. İcra başçısının vəkil Elçin Sadıqovun cəzalandırılmasını istədiyi deyilir.

Bu haqda vəkilin özü məlumat verib.

E.Sadıqovun deməsinə görə, başçı ondan Gədəbəy rayonundan olan bəzi sahibkarlara görə şikayət edib. Həmin sahibkarlar hüquqlarının pozulduğunu iddia edir. Onları məhkəmələrdə vəkil E.Sadıqov təmsil edir.

«Hüquqlarını müdafiə etdiyim sahibkarların şikayəti ilə bağlı əlaqəli qurumlara, o cümlədən ölkə başçısına müraciət edilib. Gərəkli addımların atılmasını xahiş etmişəm. Bu, vəkil olaraq mənim hüququmdur. Məhz buna görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib. Kollegiyada bu şikayətlə bağlı barəmdə intizam icraatına başlanıb», – vəkil bildirib.

E.Sadıqovun bu açıqlamasına hələlik Gədəbəy Rayon İcra Hakimiyyəti və Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.

İndiyədək bir neçə vəkil, müxtəlif rəsmi qurumların şikayəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırılıblar. Onlar, əsasən, müxalif siyasətçilərin, həbsdə olan ilahiyyatçıların, keçmiş məmurların və jurnalistlərin hüquqlarını müdafiə edən vəkillər olub.

Sonuncu dəfə bu həftənin əvvəlində Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də vəkil Yalçın İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun da vəkillik fəaliyyəti dayandırılıb.

F.Mehdiyev barəsində qərar Baş Prokurorluğun, Y.İmanov haqda qərar isə Penitensiar Xidmətin rəhbərliyinin şikayəti əsasında verilib. Baş Prokurorluq vəkilin istintaq sirrini yaymasını iddia edirdi. Penitensiar Xidmət isə vəkilin hüquqlarını müdafiə etdiyi şəxslərdən birinin həbsxanada işgəncəyə məruz qalması iddiası ilə bağlı şikayətinə əsaslanan açıqlamasına etiraz etmişdi.

İndiyədək bundan başqa daha bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin «siyasi məhbus» kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib.

Ancaq Vəkillər Kollegiyası vəkillik fəaliyyəti dayandırılan şəxslərin iddialarını rədd edir. Onların məhz vəkillik sahəsini tənzimləyən qanunlara əməl etmədiklərinə görə Kollegiyadan kənarlaşdırıldığını bildirir.

AzadlıqRadiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az