[:az]«Prezidentin təyin etdiyi məmurlardan yazmaq olmaz», – «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı baş prokurorun birinci müavini Rüstəm Usubovun ona belə bir xəbərdarlıq etdiyini bildirir. Onun iddiasına görə, ötən həftə «Turan» xəbər agentliyinin direktoru Mehman Əliyevlə müsahibə yayıldıqdan sonra Baş Prokurorluğa çağrılıb.
««Hörmətli cənab prezidentin etimad göstərdiyi və təyin etdiyi məmurlardan yazmaq olmaz» – mənə belə deyildi… Təyinat bir tərəfə, mənə dedilər ki, prezidentin sevdiyi, saydığı, hörmət etdiyi adamlardan da yazmaq olmaz. Son dərəcə adi, sıradan bir müsahibə bu gün ölkə gündəminə çevrilibsə, hansısa məmur, prezidentin köməkçisi bunu özünə qara PR, sifariş hesab edirsə, buna təəccüb edirəm. Belə çıxır ki, heç kimdən, heç nədən yazmamalıyıq. Bu, birbaşa azad söz, müstəqil media, medianın dördüncü hakimiyyət olması barədə prinsipləri darmadağın edir. Hakimiyyətin onuncu, on beşinci dərəcəli adamı haqda iki söz gündəmi dəyişir. Belə ölkəmi olar? Biz Heydər Əliyevi manşetə qoymayanda deyirdilər ki, «qəzet yaxşı çıxmır». İndi JEK müdirlərindən, məktəb direktorlarından yaza bilməmək həddinə çatmışıq. Bunu ölkə rəhbəri özü dəyərləndirməlidir ki, Azərbaycan bu şəkildə hara gedir», – redaktor deyir.
Ə.Zeynallının sözlərinə görə, «Azərbaycanda sabitliyi pozduğu, ictimai rəyi çaşdırmaq istədiyi, məmurları bir-birinə düşmən edəcək yazılar, onlarla bağlı ittiham, böhtan, təhqir verdiyinə görə» ona xəbərdarlıq edilib. O, xəbərdarlığı imzalamadığını bildirir.
«Mən hesab edirəm ki, baş prokurorun və ya müavininin redaktora «Sən bunu yazacaqsan, onu yazmayacaqsan» deyə xəbərdarlıq imzalatmaq səlahiyyəti yoxdur», – «Xural» qəzetinin redaktoru bildirir.
Qeyd edək ki, M.Əliyev sözügedən müsahibədə həbsinin səbəblərindən, Birinci vitse-prezident Mehriban Əliyevanın adamları ilə mediada gözlənilən islahatlar barədə apardığı danışıqlardan, həbsində prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun oynadığı roldan söz açıb.
Sözügedən müsahibədə prezidentin köməkçisi Ə.Həsənovla yanaşı, baş prokuror Zakir Qaralovun da adı hallanır. Cənab Həsənov bununla bağlı ötən həftə «Yeni Müsavat»a müsahibə verib. A.Əliyev Ə. Həsənovun deyilənlərə reaksiyasını normal sayır: «Hətta indiki böhranlı dövrdə mediadakı çıxışların diqqətdən kənar qalmaması onun təsirini, əhəmiyyətini itirməməsinin göstəricisidir».
[:]