[:az]AXCP-nin Nərimanov şöbəsinin sədri, Qarabağ döyüşçüsü Babək Həsənov həbsdə ailə üzvləri ilə görüşüb. Bu barədə Azadlıq Radiosuna onun qardaşı Cavid Həsənli məlumat verib. Mayın 15-də Bakı İstintaq Təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən dərhal sonra cəbhəçinin orada cəzalandırıldığı və işgəncəyə məruz qaldığı iddia olunurdu.
C.Həsənli deyir ki, qardaşı ilə bağlı yayılan xəbərlərdən narahat olub, cəzaçəkmə müəssisəsinə gediblər. Orada müəssisənin rəis müavini Zahid Bədirxanovla görüşüblər: «Rəis müavininə narahatlığımızı çatdırdıq, bildirdi ki, işgəncə verilməsi barədə deyilənlər həqiqətə uyğun deyil. Dedik ki, əgər olmayıbsa, görüşməyimizə imkan yaradın, onun öz dilindən eşidək. Sağ olsun, bizi görüşdürdü».
«Yoxlama adıyla tam soyundurublar»
Qardaşının sözlərinə görə, B.Həsənov müəssisədə ona qarşı fiziki güc tətbiq olunmadığını, ancaq insan ləyaqətini alçaldan rəftara məruz qaldığını söyləyib: «Dedi ki, cəzaçəkmə müəssisəsinə gələn kimi onu 4 saat karsa salıblar. İradəsindən kənar saçını tam qırxıblar. Halbuki, Kürdəxanı təcridxanasından gələndə saçını dustaqlara icazə verilən normada qırxdırıb gəlmişdi. Babək Həsənov əvvəl razılaşmayıb. Onu «press» verməklə (döymək nəzərdə tutulur-red.) hədələyiblər. Hədələrin gerçəkləşə biləcəyini anladığına görə saçının qırxılmasına icazə verib».
C.Həsənli deyir ki, qardaşı cəzaçəkmə müəssisəsində çılpaq soyundurulduğunu, bu vəziyyətdə ləyaqəti alçaldan hərəkətlərə məcbur edildiyini də söyləyib: «Dedi ki, yoxlama adıyla tam soyundurublar, əlləri başın arxasında saxlamaqla, bir neçə dəfə oturub-durmağı tələb ediblər. Eləmək istəməyəndə əməliyyat şöbəsinin rəisi onu yenə işgəncə ilə hədələyib, o da məcbur qalıb».
B.Həsənovun qardaşına dediyinə görə, bundan sonra onu müəssisə rəisi Məmməd Mahmudovun otağına aparıblar. M.Mahmudov onu tanıyıb. B.Həsənov 2011-ci ildə 2 aprel mitinqi ilə əlaqədar həbs edilib, 1 il 6 ay azadlıqdan məhrum ediləndə cəzasını 16 saylı Cəzaçəkmə Müəssisəsində çəkmişdi. Həmin vaxt M.Mahmudov o müəssisənin rəisi idi.
«Rəislə danışandan sonra Babək Həsənovu yenə əməliyyat şöbəsinin rəisi müəssisədəki yarımtikiliyə gətirib, ondan tələb olunub ki, oradakı kubikləri (mişar daşı) müəyyən məsafə o tərəfə aparıb atsın. Deyiblər ki, hər bir məhkum burada dörd mişar daşını götürüb bir yerdən başqa yerə daşımalıdır. Babək onlara izah eləyib ki, onurğa sütununda problem var, ikinci qrup Qarabağ əlilidir. Yenə də döyməklə hədələyiblər. Qardaşım deyir ki, növbəti fiziki işgəncələrin səhhətində daha ağır fəsadlar yarada biləcəyini nəzərə alıb, əmri yerinə yetirib», – C.Həsənli belə deyir.
Penitensiar Xidmət: «Karantindədir»
Penitensiar Xidmət isə B.Həsənovun cərimə təcridxanasına salınması, onun ləyaqətinin alçaldılması barədə deyilənləri təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, müəssisəyə daxil olan hər bir məhkum 14 günə qədər karantində saxlanılır, bu müddətdə ona daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunur. B.Həsənov da cərimə təcridxanasında yox, karantindədir.
Cəzaçəkmə müəssisəsində məhkumun ləyaqətinin alçaldılmasına gəlincə, M.Sadıqov deyir ki, heç bir məhkum çılpaq soyundurulmur: «Sadəcə, ümumi prosedurdur ki, müəssisəyə hər yeni gələn məhkumun üstünə baxış keçirilir, şəxsi əşyaları yoxlanılır. Saçın hansı normada saxlanmasıyla bağlı da ümumi qaydalar var və ona əməl olunmalıdır».
M.Sadıqov məhkuma daş daşıtdırılması barədə iddiaya da cavab verib. Bildirib ki, cəzaçəkmə müəssisələrində daxili intizam qaydalarına əsasən, məhkumlar abadlıq, təmizlik işlərinə də cəlb oluna bilərlər: «Məhkumun bu işlərə cəlb olunmasında qanun pozuntusu yoxdur. Kiminsə xoşuna gəlsə də, gəlməsə də, qanunlar, qaydalar var».
Xatırlatma
Babək Həsənov ötən il mayın 25-də partiyanın digər funksionerləri – Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar.
AZADLIQ RADİOSU[:]