“Xəbərman” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova ərinin aclıq aksiyasına başladığını bildirib. Onun deməsinə görə, Polad Aslanovla danışıb:
“29.08.2025-ci il tarixindən 10 aydır ona apardığım hazır yeməkləri qızdırmaq üçün gün ərzində cəmi 30 dəqiqə istifadə etdiyi mətbəxə buraxılmadığı üçün aclıq aksiyasına başlayıb. 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin olunmuş Ramiq Nəsibov (bundan əvvəl rəis müavini idi) ona söz verib ki, problem həllini tapacaq”.
Onun deməsinə görə, problem davam etsə, etirazlara da davam edəcəklər.
Hələlik, bu deyilənlərə 15 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, bildirirlər ki, məhbuslarla qanun çərçivəsində davranırlar.
Xatırlatma
Polad Aslanov 2019-cu ilin iyununda saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 16 il azadlıqdan məhrum edilib. Aslanov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
AzadlıqRadiosu