Fikrət Cəfərli
İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərlinin 4 ay həbs cəzasına məhkum edilməsi barədə hökmdən verdiyi apellyasiya şikayətinə baxılır.
Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasında hüquq müdafiəçisinin vəkili Fariz Namazlı vəsatət verib ki, şikayətə baxılıb, yekun qərar çıxarılanadək Fikrət Cəfərli ev dustaqlığına buraxılsın.
Vəkilin daha bir vəsatəti də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması, üç nəfərin şahid kimi dindirilməsi barədə olub.
Fikrət Cəfərli Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Elvin Əliyevin şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsiylə təqsirli bilinib. Sözügedən şikayət İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin Facebook səhifəsində yayılmış bir iddiadan qaynaqlanıb. Elvin Əliyev ona böhtan atıldığını iddia edib.
Həmin şikayətdə hazırda həbsdə olan Elvin Allahverdiyev vaxtilə vəkili olmuş Elvin Əliyevdən narazılığını ifadə edib.
“Müqavilədə çox az məbləğ göstərib”
“Vəkil qardaşımdan 10 min 500 manat pul alıb və deyib ki, bunun müqabilində məhkəmənin mənə 1 il 6 ay cəza verməsini təmin edəcək. Qardaşımdan 10 min 500 manat alsa da, müqavilədə çox az məbləğ göstərib”, – Elvin Allahverdiyev şikayətində belə yazıb.
Onun sözlərinə görə, verilən sözə əməl olunmadığından, pul geri istəniləndə vəkil onları hədələyib.
Məhbusun şikayətini öncə jurnalist Arzu Abdulla (Hacıyeva), ardından ona istinadla İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi yayımlayıb.
Sentyabrın 3-də məhkəmədə vəkil Fariz Namazlı vəsatət qaldırıb ki, şikayətçi Elvin Allahverdiyev, onu jurnalistlərə təqdim edən həyat yoldaşı və ilk yayımlayan Arzu Abdulla məhkəmədə şahid kimi dindirilsin.
Ancaq apellyasiya şikayətinə baxan Aqil Musayevin sədrlik etdiyi hakimlər kollegiyası nə Fikrət Cəfərlinin ev dustaqlığına buraxılmasına razılıq verib, nə də şahidlərin dindirilməsinə. Bu iş üzrə məhkəmə baxışı sentyabrın 17-nə təyin olunub.
Fikrət Cəfərlidən şikayətçi olan vəkil E.Əliyev apellyasiya məhkəməsinə qatılmayıb. O, məhkəməyə teleqram göndərərək, xaricdə olduğunu bildirib.
Hüquq müdafiəçisi özünü təqsirli bilmir
Fikrət Cəfərli Binəqədi Rayon Məhkəməsində ifadə verərkən, ona qarşı baş verənləri bir sifarişin nəticəsi sayıb: “Arxasında dayanan da Vəkillər Kollegiyasının sədri Anar Bağırovdur”.
Rəhbərlik etdiyi təşkilatın insan haqlarının müdafiəsi, korrupsiya hallarının ifşası ilə məşğul olduğunu deyən Fikrət Cəfərli yada salıb ki, Vəkillər Kollegiyasında olan çatışmazlıqları da ictimailəşdiriblər:
“Toplanan pullar hara gedir, bunu sorğulamağımız Anar Bağırovun xoşuna gəlməyib, özlüyündə Elvin Əliyev kimiləri irəli verməklə məndən qisas alır”.
Vəkillər Kollegiyasının mətbuat katibi İsmayıl Nəsibli isə AzadlıqRadiosuna açıqlamasında hüquq müdafiəçisinin ittihamlarını “yersiz və əsassız” adlandırıb. O bildirib ki, bu qurum işini şəffaf qurur, qanunauyğun olaraq öz üzvləri qarşısında hesabatlılıq qaydalarına tam əməl edir: “Bu məsələ ilə bağlı hər-hansı sual doğuran məqam mövcud deyil”.
Onun sözlərinə görə, qurumun fəaliyyəti müstəqil audit tərəfindən yoxlanılır və üzvləri üçün açıqdır.
AzadlıqRadiosu