Elvin Mustafayev
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevə “xüsusi amansızlıqla” işgəncə verildiyi bildirilir.
Bu barədə “İşçi Masası” iyunun 24-də məlumat yayıb.
Mayın 6-da Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə aclıq aksiyasına başlayandan sonra Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirilib və burada cərimə kamerasına (karser) salınıb.
“İşçi Masası” bildirir ki, onun karserə salınma səbəbi indi məlum olub.
“Belə ki, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisəsinə gətirildikdən dərhal sonra müəssisə rəisi Fariz Əliyevin yanına aparılıb. Elvinin yaxınlarına verdiyi məlumata görə, otağa daxil olan kimi rəis Fariz Əliyev ona “bura gəldiyin zonalar kimi deyil, burada ağıllı ol” deyərək üzünə şillə vurub. Elvin bu davranışa etiraz edərək bunun qanunsuz və alçaldıcı olduğunu bildirib. Bu zaman müəssisənin rejim əməliyyatçıları Samir və Əli adlı şəxslər də rəisə qoşularaq Elvin Mustafayevə ağır fiziki işgəncə veriblər”, – məlumatda deyilir.
Bir neçə gün əvvəl “İşçi Masası” Mustafayevin vəkilinə istinadən onun qulağında iltihab yarandığını xəbər vermişdi. İndi isə bildirilir ki, buna səbəb fəalın ağır işgəncəyə məruz qalması olub.
“Onun baş və bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endirilib. Nəticədə Elvinin qulağı partlayıb və o, huşunu itirib. İşgəncədən bir aydan çox vaxt keçməsinə baxmayaraq, Elvin hələ də qulağında iltihab və bədənində kəskin ağrılar yaşadığını bildirir”, – deyə qeyd olunur.
“İşçi Masası” Ombudsman aparatından və Penitensiar Xidmətdən bu hadisə ilə bağlı dərhal ölçü götürmələrini, adları çəkilən üç vəzifəli şəxsin məsuliyyətə cəlb olunmasını tələb edir.
Toplum TV