Həbsdəki alim ‘karser’dən çıxarılmasından ötrü şərt qoyulduğunu deyir

tərəfindən Gozetci

Fazil Qasımov

 

İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ilə yaxındır həbsdə olan Fazil Qasımovun aclıq aksiyası keçirdiyinə görə cəzalandırıldığı bildirilir

Yaxınlarının AzadlıqRadiosuna verdiyi bilgiyə görə, mayın 10-dan aclıq edən F.Qasımov 13 gündür cərimə kamerasına (karser) salınıb:

“İyunun 3-də Fazil Qasımov anasına deyib ki, “karser”dən çıxmaq üçün şərt qoyublar – aclığı dayandırması barədə ərizə yazmalıdır. Bu da o deməkdir ki, aclığı dayandırmasa, “karser”dən buraxılmayacaq. Fazil görür ki, heç bir cinayət törətmədiyi halda, ona 9 il həbs cəzası veriblər, ona görə etiraz olaraq aclıq aksiyası keçirir”.

Fazil Qasımova 9 il həbs cəzası kəsilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayətə apellyasiya məhkəməsində baxılır. İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə iclası keçirilməliydi, ancaq üç hakimdən biri gəlmədiyindən proses baş tutmayıb.

25 gündür aclıq etdiyi bildirilən Fazil Qasımov məhkəmə zalına Penitensiar Xidmətin konvoylarının köməyiylə çətinliklə gətirilib. Onun halsız olduğunu və dayana bilmədiyini görən hakim icazə verib ki, sualları cavablarkən məhkəmə önündə ayağa qalxmasın.

Çətinliklə danışan alim xahiş edib ki, işinə ədalətli baxılsın, vəsatətləri təmin olunsun. O, heç bir cinayət törətmədiyini vurğulayıb.

Fazil Qasımovun məhkəməsi iyunun 17-nə saxlanılıb.

Məhkəmədə bir neçə dəfə vəsatət qaldırılıb ki, professor Qubad İbadoğlu şahid kimi çağrılıb dindirilsin. İttihama görə, Fazil Qasımov İstanbulda saxta dollarları Q.İbadoğluya verib, o da həmin saxta valyutaları Bakıya gətirib.

“Qubad İbadoğlu dindirilsin, görək ki, belə bir hal olub, yoxsa yox. Ortada bircə dənə də sübut yoxdur, adama havadan 9 il azadlıqdan məhrumetmə cəzası verilib”, – vəkil Nemət Kərimlinin sözləridir.

Lakin vəsatətlər təmin olunmayıb.

Fazil Qasımovun aclıq etməsi və saxlandığı penitensiar müəssisədə cəzalandırılması haqda dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Daha öncəki açıqlamalarda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi istintaq təcridxanaları və cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin olunduğunu, onlara qarşı insan ləyaqətini alçaldan, pis rəftara yol verilmədiyini bəyan edib.

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az