Ülviyyə Əli
Ailəsi bildirir ki, “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əlinin vəziyyəti təcridxanada pisləşib
Jurnalistin yaxınlarının Azadlıq Radiosuna dediyinə görə, o, saxlanılarkən zorakılığa məruz qalıb, aldığı zərbələrdən sonra jurnalist şiddətli baş ağrılarından şikayət edir və davamlı qusma halları yaşayır. Yaxınları onun təcili tibbi müayinəyə və kompüter tomoqrafiyasına ehtiyacı olduğunu bildirir.
Xatırladaq ki, Ülviyyə Əli mayın 6-dan 7-nə keçən gecə saxlanılıb. Onun yaşadığı evdə axtarış aparılıb və barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Qaçaqmalçılıqda ittiham edilir. Jurnalist saxlanmasını qanunsuz hesab edir və bunu peşə fəaliyyəti ilə əlaqələndirir.
AzadlıqRadiosu jurnalistin yaxınlarının dediklərinə Daxili İşlər Nazirliyindən münasibət öyrənə bilməyib. “Meydan TV” işi ilə bağlı indiyəcən 10 nəfər qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamları absurd sayırlar, azad mediaya basqı adlandırırlar. Azərbaycan hakimiyyəti isə ölkədə heç kəsin peşə fəaliyyətinə görə təqib olunmadığını deyir. Beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətini həbsdə olan bütün jurnalistiləri azad etməyə çağırır.