Tofiq Yaqublu aclıq aksiyasına başlayıb

tərəfindən Gozetci

Tofiq Yaqublu

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun bu gün, aprelin 1-dən aclıq aksiyasına başladığı bildirilir.

Onun qızı Nigar Həzinin sözlərinə görə, atası aclıq aksiyasına başladığını saxlanıldığı təcridxananın rəhbərliyinə yazılı şəkildə çatdırıb: “Bir az əvvəl isə mən atamla danışdım. Bildirdi ki, aclıq etdiyi üçün bu gün onu təcridxananın tibb məntəqəsinə köçürəcəklər”.

Tofiq Yaqublunun vəkili Aqil Layıc isə aprelin 1-də onunla təcridxanada görüşdüyün deyib:

“Bildirdi ki, məhkəmə sistemində ədalət olmadığı bir durumda ona başqa yol buraxmadılar. Ona görə də aclıq etmək qərarı verdi”.

Bütün bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o ittihamları qurama sayır. Tofiq Yaqublu elə məhkəməsindəcə ədalətsiz hökm veriləcəyi təqdirdə aprelin 1-də aclıq aksiyasına başlayacağını bəyan etmişdi. O bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.

Xatırlatma

Bu, Tofiq Yaqublunun həbsdə ilk aclıq aksiyası açıqlaması deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Müxalifətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apellyasiya Məhkəməsinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra 17 gündür keçirdiyi aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.

Tofiq Yaqublu daha öncə də – 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az