31
Mehriban Rəhimli
ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub.
Mehriban Rəhimli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində başladılan “QHT işi” çərçivəsində saxlanılıb.
Qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimli istintaq müddəti ərzində polis nəzarətinə verilib.
Xatırladaq ki, martın 14-də eyni cinayət işi üzrə “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Məmmədzadə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev saxlanılıb. Sonradan Xalid Ağəliyev və Hafiz Həsənov sərbəst buraxılıb.
Elə həmin gün Məmməd Məmmədzadə və Bəşir Süleymanlı barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Martın 17-də “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində isə 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu iş üzrə Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.
Onlar hamısı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Azadlıq qəzeti