Ələsgər Məmmədli
Martın 18-də “Toplum TV”nin həbsdə olan təsisçisi və media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı növbəti vəsatətə baxılıb
Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin vəsatəti təmin edilməyib. Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.
Qardaşı deyib ki, Ələsgər Məmmədli məhkəmə iclasında geniş çıxış edib. Ələsgər Məmmədli bilirib ki, istintaqın materiallarına görə, onun həbsinə əsas yaradan heç bir fakt və sübuta rast gəlməyib.
O, hüququ pozan hakim kimi Sülhanə Hacıyevadan Məhkəmə Hüquq Şurasına 35 səhifəlik şikayət yazdığını xatırladıb. Ələsgər Məmmədli xüsusilə vurğulayıb ki, onun azadlığa buraxılmasını şərtləndirən amillər var. Səhhətində ciddi problemlər yarandığını bildirən Məmmədli deyib ki, o, təcili cərrahi əməliyyatı olunmalıdır.
“Eyni zamanda mən ictimai statusu olan, ölkədə tanınmış hüquqşünas kimi törətmədiyim əmələ görə niyə bir ildən çoxdur həbsxanada olmalıyam?”, – deyə Ələsgər Məmmədli hakimdən soruşub.
Vəkili isə onun Novruz bayramı ərəfəsində azadlığa buraxılmasının cəmiyyətdə rəğbətlə qarşılana biləcəyini vurğulayıb. Buna baxmayaraq, hakim Sülhanə Hacıyeva onun həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.
2024-cü il martın 6-da Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyasının ofisində axtarış aparıb və media qurumunun ofisi möhürlənib. Bu əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb.
Saxlanılanların əksəriyyəti sonradan buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.
İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.
AbzasMedia