Nurlan Qəhrəmanlı (Libre)
Martın 6-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Nurlan Qəhrəmanlının (Libre) barəsində verilmiş həbs qətimkan tədbirindən şikayətə baxılıb.
Məhkəmə onun şikayətini təmin etməyib.
Qəhrəmanlının həyat yoldaşı Əsli Əlizadənin Amerikanın Səsinə bildirdiyinə görə, məhkəmə formal xarakter daşıyıb və müsbət gözlənti olmayıb.
Daha öncə fevralın 25-də Əlizadə mətbuata müsahibəsində jurnalistin saxlanıldığı gün evdə axtarış zamanı qay;nanasına məxsus qızıl komplektinin polis tərəfindən götürüldüyünü yazmışdı. O, həmçinin evdən götürülən pul vəsaitinin Qəhrəmanlının ailəsinə məxsus olduğunu qeyd etmişdi. Əlizadənin açıqlaması Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təkzib olunmuşdu.
“Portağal Media”nın təsisçisi Nurlan Libre haqqında fevralın 21-də Xətai Rayon Məhkəməsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Jurnalistin “Meydan TV” ilə bağlı açılan cinayət işi çərçivəsində həbs edildiyi və qaçaqmalçılıqda ittiham olunduğu bildirilir.
Qəhrəmanlı həbsindən əvvəl çəkdiyi videomüraciətdə mümkün həbsi barədə danışaraq jurnalist fəaliyyəti ilə məşğul olduğunu və heç bir səhv iş görmədiyini deyib.
Xatırlatma
Ötən ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko və media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Bu ilin fevral ayında isə jurnalistlər Şəmşad Ağa və Nurlan Qəhrəmanlı (Libre) eyni ittihamla və eyni iş üzrə həbs olunublar.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni və onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.