Tofiq Yaqublu
Fevralın 19-da dövlət ittihamçısı Tofiq Yaqubluya 10 il həbs cəzası istəyib
Müsavat Partiyası və Milli Şuranın üzvü, 1 il 2 aydır həbsdə olan siyasi fəal Tofiq Yaqublu deyir ki, 1993-cü ildən bəri məruz qaldığı şər-böhtanlar üzündən günü həbsxanalarda keçir. Bunun nəticəsində bir neçə gün öncə 64 yaşını da Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının kamerasında keçirməli olub. O, fevralın 14-də, öz məhkəməsində həmin sözləri dilə gətirib.
Tofiq Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Məhkəmə prosesinin son bir neçə iclasında sənədlər araşdırılır. Xaricə getməkdən ötrü Tofiq Yaqubluya pul verdiyini iddia edən Elşən Hüseynov və həmin pulu alıb siyasətçiyə çatdırdığını söyləyən Elnur Məmmədovun mobil telefonlarıyla bağlı anten məlumatları budəfəki məhkəmə iclasında tədqiq edilib. Xeyli ziddiyyətlər ortaya çıxıb. Məsələn, Elnur Məmmədov iddia edir ki, Elşən Hüseynovdan aldığı pulu siyasi fəala 8 dekabr 2023-cü ildə Zabrat qəsəbəsində verib. Telefon anten bilgiləri onun dediyi vaxtda Tofiq Yaqublunun başqa yerdə olduğunu göstərir.
Tofiq Yaqublu özü də əvvəlki məhkəmə iclaslarında demişdi ki, o, həmin gün Pirşağı qəsəbəsində, Milli Şuranın iclasında olub.
Tofiq Yaqublu bildirir ki, bu ittiham tamamilə yalandır, kimisə xaricə göndərmək haqda nə söz verib, nə də pul alıb. İqtisadçı Qubad İbadoğlu həbsdə olduğu dövrdə – öz həbsindən təxminən bir-iki ay öncə Bakı Apellyasiya Məhkəməsinin və Nərimanov rayon Məhkəməsinin önündə olarkən bir nəfər gəlib ona yaxınlaşaraq adının Elnur olduğunu deyib, mübarizəni dəstəklədiyini söyləyib və s. Həbsindən sonra ona məlum olub ki, Elnur Məmmədov onun yanına məqsədli şəkildə göndərilib. Həmin vaxt kənardan onların fotosunu çəkiblər. Onun sözlərinə görə, məqsəd də saxta sübut yaratmaq olub ki, guya onlar görüşüb və pul da bu zaman verilib.
32 il boyunca dörd dəfə saxta ittiham
Siyasi fəal budəfəki məhkəmə iclasında ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Deyib ki, son 32 il boyunca dörd dəfə saxta ittihamla barəsində cinayət işi başlanıb, hər dəfə də uzun illər həbsdə saxlanıb. Onun sözlərinə görə, dəfələrlə şərlənib və inzibati qaydada həbs olunub, hətta bu həbslərin sayını da unudub.
Tofiq Yaqublu vaxtilə xidmətlərinə görə Milli Qəhrəman adı üçün onun haqqında təqdimat verildiyini, oğlunun da 2020-ci ildə Qarabağ döyüşlərinə qatıldığını xatırladıb:
“Amma bu ölkədə bir nəfərin cəsarəti çatmır ki, şərəfini əynindəki uniformadan, mantiyadan üstün tutaraq desin ki, mən bu adamı şərləmək istəmirəm. Heç sizin də adi ev dustaqlığına buraxmağa cəsarətiniz yoxdur. İndiyədək bütün məhkəmələrdə təqsirsizliyimi sübut etmişəm, amma utanmaz-utanmaz gəlib hökmü oxuyublar ki, ittiham sübuta yetirildi, filan qədər cəza…”.
AzadlıqRadiosu