Zamin Salayev və Polad Aslanov
Siyasi məhbuslar COP29 öncəsi aclığa başlayıblar
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri, siyasi məhbus Zamin Salayev oktyabrın 30-da saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəndə aclığa başlayıb[1]. O COP29 konfransı ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılmamasına etiraz edib.
Onun səhhəti ağır olduğundan Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Ailəsi bildirib ki, Zamin Salayevin ürəyində və qara ciyərində ciddi problemlər var. Təngənəfəs olur, nəfəs ala bilmir, ayaqları şişib, yeriyə bilmir.
Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə təqsirli bilinib. 2023-cü il mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Salayev həbsinin sifariş olduğunu hesab edir və bundan öncə məhkəmə hökmünə etiraz olaraq aclıq edib.
Xeberman.com saytının həbsdə olan rəhbəri, jurnalist Polad Aslanov da COP29 konfransı ərəfəsində siyasi məhbusların azad edilməsi tələbilə Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb. Həmin Cəzaçəkmə Müəssisəsində saxlanılan daha iki məhbus – Vəli Yaqubov və Ramal Hüseynov Polad Aslanovun aclıq aksiyasına qoşulublar.[2]
[1] https://www.amerikaninsesi.org/a/7845909.html
[2] https://turan.az/en/politics/polad-aslanov-starts-hunger-strike-demanding-release-of-political-prisoners-786509
Bülleten ilə daha ətraflı buradan tanış ola bilərsiz