Məhkumların internet saytlarına girişinə icazə verilməsi ilə bağlı hüquqi müstəvidə strateji işə başlanılıb

tərəfindən Gozetci

Məhkumların məlumat əldə etmək hüququnun genişləndirilməsi və internet saytlarına girişə icazənin verilməsi ilə bağlı hüquqi müstəvidə strateji işə başlanılıb. Bu işi bir qrup hüquqşünas həyata keçirəcək.

Hüquqşünas qrupunun yaydığı məlumatda deyilir:

Məlumat üçün bildirək ki, Azərbaycan qanunvericiliyində məhkumların cəzaçəkmə müəssisələrində internet informasiya ehtiyatlarından istifadə etmək imkanları nəzərdə tutulmur. “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 42.6-cı bəndinin 38 nömrəli əlavəsinə uyğun olaraq mobil telefon, komputer və internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir.

Avropa İnsan hüquqları Məhkəməsinin təcrübəsinə görə, bu, məhkumların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozur.  Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

Daxili qanunvericilikdə məhkumların internetə çıxış imkanları nəzərdə tutulmasa da, internet informasiya ehtiyatlarından istifadə etməklə iddiaçı məlumatlar əldə edə bilər. Ona bu imkanın yaradılmaması məlumat almaq hüququnu pozulması sayılır. Belə ki, vebsaytlara çıxışının təmin edilməməsi onun informasiya əldə etmək azadlığına əsassız müdaxilə təşkil etməklə Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığının pozuntusudur.

Daxili İntizam qaydalarının 59.5-ci bəndinə görə, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təsərrüfat və məişət xidməti işlərinə cəlb olunan məhkumlar üçün müvafiq avadanlıqlarla təchiz edilmiş kompüter otaqları təşkil olunur. Məhkumlarla tərbiyə işinin aparılmasında kompüterlərdən istifadə zamanı onların internet şəbəkəsinə qoşulmasına nəzarət altında yol verilir. Hər həftə üçün məhkumların kompüter otağından istifadə proqramı tərbiyə işinin təşkili xidməti tərəfindən müəyyən edilir. Eyni zamanda, müəssisənin müdiriyyəti tərəfindən məhkumlar üçün kompüter kursları təşkil edilə bilər. Tənbeh tədbiri qismində intizam və cərimə təcridxanalarına, birnəfərlik kameralara, kamera tipli otaqlara, həbsxanalarda ciddi saxlanma şəraitinə, habelə Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən həbsxanaya keçirilmiş məhkumlara kompüter otaqlarından istifadəyə icazə verilmir.

Məhkumların məlumat əldə etmək hüququnun məhdudlaşdırılması və internet saytlarına girişə icazənin verilməsi ilə bağlı hüquqi müstəvidə strateji işə başlanılıb. Belə ki, bir qrup hüquqşünas məhkumların internet saytlarına girişinin təmin edilməsi üçün hüquqi yolların tapılması üçün təşəbbüslər həyata keçirməyə başlayıblar. Bununla bağlı dövlət qurumlarına və məhkəmələrə müraciət edilməsi nəzərdə tutulur.

 

 

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az