Avropa Məhkəməsi Azərbaycanla bağlı 2 qərarını elan edib

İtkin düşmüş MTN-çinin işi: Avropa Məhkəməsi yaşamaq hüququnun pozuntusunu tanıyıb

tərəfindən Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabr ayının 12-də Azərbaycanla bağlı 2 qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Məmməd QURBANOV və Nadir MƏMMƏDOV Azərbaycana qarşı

Ərizəçilər cənab Məmməd Qurbanov (birinci ərizəçi) və Nadir Məmmədov (ikinci ərizəçi) müvafiq olaraq 1953 və 1980-cı il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır, hadisələrin baş verdiyi vaxt Naxçıvanda yaşayırdılar. Onların Naxçıvanda kiçik biznesləri vardı, 7 dekabr 2012-ci il tarixdə mallarla yüklənmiş avtomobilləri ilə Azərbaycan və Türkiyə arasındakı Sədərək gömrük məntəqəsində saxlanılmışdılar. Ərizəçilərin iddiasına görə, 8 dekabr 2012-ci ildə gömrük əməkdaşları malların idxalı ilə bağlı gömrük rəsmiləşdirilməsini həyata keçirdikləri üçün onlardan rüşvət istəmişdilər. Rüşvət verməkdən imtina edən ərizəçilər, bu barədə mətbuata açıqlama vermişdilər.

Həmin gün bir hüquq müdafiəçisi və bir jurnalistlə birgə gömrük məntəqəsinə gedən ərizəçilər təxminən iyirmi gömrük işçisinin fiziki təzyiqlərinə məruz qalmışdı. Ardınca, ərizəçilər polis tərəfindən tutularaq Sədərək Rayon Polis İdarəsinə aparılmış, orda dekabrın 11-dək işgəncələrə məruz qalmışdılar. İddialarına görə, polis əməkdaşları onları soyundurmuş, soyuq havada çöldə çılpaq saxlanılmışdılar.

Ardınca, ərizəçilərə Sədərək Rayon Prokurorluğunda dövlət məmurlarına qarşı zorakılıq etmə əsası ilə cinayət işi açılmışdı. Barələrində həbs qətimkan tədbiri seçilən ərizəçilərin vəkili onlarla 24 dekabr 2012-ci il tarixdə görüşə bilmişdi. Vəkilin bildirdiyinə görə, ikinci ərizəçinin bədənində pis rəftar əlamətləri qalırdı, vəkil bundan prokurorluğa şikayət etmiş, bu kontekstdəki şikayətləri rədd edilmişdi. Məhkəmələr ərizəçilərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda müraciətlərini də təmin etməmişdi. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncə) və 5-ci (azadlıq və toxunulmazlıq) maddələrinin pozuntusunu iddia edirdilər.

Avropa Məhkəməsi bu işdə hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq) (prosedural baxımdan) və 5-ci maddələrinin pozuntusuna qərar verib. Qərara əsasən, hökumət ərizəçilərin hər birinə 10 min avro mənəvi zərər əvəzi ödəməlidir. Həmçinin, ərizəçilərin hüquqi təmsilçisi Xalid Bağırova 2 min avro hüquqi xidmət əvəzi ödənilməlidir.

Elşad ABDULLAYEV Azərbaycana qarşı

Bu işdə ərizəçi Elşad Abdullayev Azərbaycan vətəndaşıdır, 1954-cü ildə anadan olub və Parisdə yaşayır. Olaylar baş verən zaman ərizəçi Bakıda yerləşən özəl universitetin rəhbəri idi. Onun Milli Təhlükəsizlik Nazirliyinin zabiti olan qardaşı Mahir Abdullayev 13 oktyabr 2003-cü ildə evdən çıxmış və bir daha geri qayıtmamışdı. Ərizəçi qardaşından xəbər ala bilmədiyindən 14 oktyabr 2003-cü ildə Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, polis araşdırma başlamaqdan imtina etmişdi. Ərizəçinin polisin müvafiq qərarından verdiyi şikayətdən sonra, Bakı Şəhər Prokurorluğu tərəfindən 14 noyabr 2003-cü il tarixdə M.Abdullayevin itkin düşməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 144.2.6-cı (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılmışdı. İş materiallarına görə, cinayət işi başlanandan 3 gün sonra ərizəçinin qardaşının avtomobili Bakıda tapılmışdı.

6 yanvar 2005-ci ildə cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilmiş və istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olunmuşdu. Ərizəçi davam edən cinayət işinin istintaqı ilə bağlı ona məlumat verilməsi üçün dəfələrlə prokurorluq orqanlarına müraciət etmiş, ancaq hər dəfəsində ona sadəcə, istintaqın nəticələri barədə məlumat veriləcəyi bildirilmişdi.

Ərizəçi iddia edirdi ki, qardaşı yoxa çıxandan sonra o, mütəmadi olaraq hədələnib. Ərizəçi hədələnməsini qardaşının yüksək səviyyəli dövlət məmurları tərəfindən himayə olunan mütəşəkkil cinayətkar qrup tərəfindən oğurlanması ilə bağlı müxtəlif milli qurumlara şikayətlər yazması ilə əsaslandırmışdı. Azərbaycandan Fransaya mühacirətə getdikdən sonra, 2012-ci ildə ərizəçinin vəkili prokurorluq orqanlarından istintaqın gedişi barədə məlumat verilməsini, habelə, müvafiq istintaq sənədlərinin surətlərinin təqdim edilməsini xahiş etmiş, prokurorluq Cinayət Prosessual Məcəlləsinə əsaslanaraq, bundan imtina etmişdi. Ərizəçi müstəntiqin həmin qərarından məhkəmələrə şikayətlər etsə də onun şikayətləri rədd olunmuşdu. Ərizəçi AİHM qarşısında Konvensiyanın 2, 3, 6 və 13-cü maddələrinin pozuntusunu mübahisələndirmişdi.

AİHM bu işdə Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin prosedural baxımdan pozulmasına qərar verib. Məhkəmə digər pozuntu iddialarını araşdırmağa lüzum görməyib. Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 12 min, poçt xərcləri əvəzi 70 avro ödəməlidir.

Aihmaz.org 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az