İlkin Süleymanov: “Ailəsi Nərminin başına gələnlərin araşdırılmasında maraqlı deyil”

Hakim təqsirləndirilən şəxsin son söz deməsinə mane olub

tərəfindən Gozetci

İlkin Süleymanov

“Nərminin ailəsinin mənə qarşı qərəzindən danışmaq istəyirəm. Meyitlə bağlı şübhələrimiz var. Amma ailəsi ekskumasiyaya qəti şəkildə etiraz etdi. Təəssüf edirəm ki, ailə Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil. Əksinə, onların bir mövqeyi var ki, İlkin Süleymanov tutulub, o da cəza alsın”, – bu, Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun fikirləridir.

O, iyunun 2-də məhkəmədə son sözünü deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə iki ildir davam edən məhkəmə prosesi artıq yekunlaşır. İyunun 5-də bu iş üzrə hökm elan olunacaq.

İlkin Süleymanov iyunun 2-də son sözünü deyəndə hakim bir neçə dəfə onun çıxışını kəsib.

Lap əvvəldə təqsirləndirilən şəxs özünü səciyyələndirən halları sadalamaq istəyib. O, ziyalı ailəsində doğuldunu bildirib, lakin hakim sözünü kəsib: “Xahişin nədi, onu de…”.
İlkin Süleymanov bildirib ki, bu cinayət işgəncə yoluyla onun üzərinə qoyulub.

“Məhkəmədə çıxışlarımızda üzə çıxartdığımız saxtakarlıqların heç biri onları maraqlandırmır. Halbuki, bunlar ilk növbədə ata olaraq Şərifin özünü maraqlandırmalıydı”, – İlkin Süleymanov Nərminin ailəsi ilə bağlı deyib.

Onun sözlərinə görə, təhdid, təzyiq prosesində Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov, Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov, onun müavini Şahlar Cəfərov və digərlərinin adlarını çəkib.

O, cinayətin motivi haqda cinayət işinin materiallarında yazılanlara da toxunub:

“Mən övladlığa uşaq götürürdümsə, onu niyə 47 gün soyuq otaqda saxlayırdım, ona niyə əzab verirdim? Burada məntiq yoxdur. İkincisi, mənim yaxınlarımın uşaqları var, onlardan götürüb saxlayardım. Üçüncüsü, ekspertiza rəy verib ki, mən təkliyə meylli, ünsiyyətcil olmayan biriyəm. Doğrudur. Mən niyə övladlığa uşaq götürmək istəyim? Ekspertiza mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib. Halbuki, həm övladlığa götürmək məqsədilə uşaq oğurlasın, həm də onu soyuq otaqda saxlasın, əzab versin – bunu anlaqsız, psixi xəstə adam eləyər…”.

İlkin Süleymanov bildirib ki, Nərmin itkin düşəndə əlində atasına məxsus gödəkçə, qulağında sırğa olduğu yazılıb. Lakin istintaq bu geyim və əşyaların aqibətini araşdırmayıb:

“Həyətimizdə metalaxtaranla axtarış aparılıb, heç nə tapılmayıb. Hanı o sırğa, gödəkçə?”.

Hakim İlkin Süleymanova prokurorun çıxışına – ona 20 il həbs cəzası tələbinə də münasibət bildirməyə imkan verməyib:
 “Özündən danış, xahişin nədi, onu de…”.

İlkin Süleymanov bu üzdən son sözünü yekunlaşdırıb:

“Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam. 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar”.

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İstintaqdakı fadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az