Azərbaycan Xalq Cəbhəsi Partiyası Salyan rayon şöbəsinin sədri Zamin Salayev komaya düşəndən sonra Penitensiar Xidmətin istintaq təcridxanasından Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülüb.
O 98 gündür aclıq edir, müalicə müəssisəsinə yerləşdirilməsilə vəziyyəti yaxşılaşıb. Bu barədə Turan-a onun xanımı Səidə Salayeva Zamin Salayevlə telefon danışığından sonra bildirib.
“Zaminin səsi çox zəifdir. Təzyiqi 60/40-a düşüb. Böyrəkləri çox ağrıyır, ayaq üstə dura bilmir, başı gicəllənir. Bədəninin hər yerində ağrı var”, – o deyib.
O, həkim nəzarəti altındadır, sistem köçürülür. Xanımının xahişinə baxmayaraq, Zamin Salayev aclığı davam etdirəcək.
Mayın 11-də Bakının Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə Zamin Salayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Zamin Salayev fevralın 7-də saxlanılıb. Ertəsi gün Bakının Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, Salayevi 5 ilədək həbs cəzası gözləyir.
Salayev öz həbsini sifariş hesab edir və məhkəmənin qərarına etiraz olaraq 98 gündür aclıq edir.
ABŞ-ın Bakıdakı səfirlyi hakimiyyəti Salayevi azad etməyə çağırıb.
“ABŞ Azərbaycan hakimiyyətini öz insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirdiklərinə görə ədalətsiz və ya özbaşına həbs edilmiş bütün şəxsləri azad etməyə çağırır”, – ötən həftə səfirliyin nümayəndəsi deyib.
Turan