“Gəncə işi” üzrə həbs edilmiş Ceyhun Salahovun ailə üzvləri son bir həftə ərzində ondan telefon zəngi və xəbər almadıqlarına görə onun taleyinə görə narahatdırlar.
“Ceyhun hər bazar və çərşənbə günləri zəng edirdi. O, sonuncu dəfə keçən bazar günü zəng edib və o vaxtdan etibarən ondan heç bir xəbər yoxdur”, deyə Salahovun həyat yoldaşı Kəmalə Məmmədova Turan-a bildirib.
O, qeyd edib ki, Salahov çərşənbə günü zəng etmədikdən sonra üç gündür saxlanıldığı 7 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətdə və Ombudsman Aparatında həyat yoldaşının taleyinə aydınlıq gətirməyə çalışır.
Məmmədova hesab edir ki, həyat yoldaşı ya karserə salınıb, ya da səhhətində problemlər yaranıb.
O, həmçinin qeyd edib ki, həyat yoldaşı qanuna tabe olan bir insan olaraq penitensiar müəssisənin qaydalarına riayət edir.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Salahov 2018-ci ildə Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd işi üzrə 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Vəliyevi yaralamaqda ittiham olunan Yunis Səfərov həbs cəzası alıb. Səfərov cinayəti təkbaşına törətdiyini və digər müttəhimlərin bu işlə heç bir əlaqəsi olmadığını etiraf etsə də, daha 9 nəfər 18-20 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.
Hüquq müdafiəçiləri Səfərovdan başqa, “Gəncə işi”nin bütün fiqurantlarını siyasi məhbus kimi tanıyıblar.
Turan