Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə qərar verib.
Bu barədə sənədi Baş nazir Əli Əsədov martın 27-də imzalayıb.
Məlumata görə müəyyən edilib ki, martın 28-də yerli vaxtla saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.
Aşağıdakı hallarda COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv edilir:
-xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı;
– müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün.
Xatırlatma
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib. Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb.
Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilir.
Son illər yüzlərlə Azərbaycan vətəndaşı Rusiya ilə quru sərhədini keçə bilmədiyindən bu ölkədəki düşərgələrdə aylarla gözləməli olub. Təyyarə biletləri isə çox baha olduğundan bir çox insan üçün əlçatımlı deyil.
Azərbaycanda xüsusi karantin rejimi mayın 1-dək uzadılıb.
Amerikanın Səsi