Cümə axşamı Bayden administrasiyası Azərbaycanı Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.
Bu gün USAID rəhbəri və ABŞ-ın keçmiş dövlət katibi ona dəstəyini ifadə edib.
“Azərbaycanlı demokratik fəal Bəxtiyar Hacıyev dekabr ayından siyasi motivli ittihamlarla həbsdədir”, – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Tvitter-də yazıb.
“Hacıyev aclıq edib və onun səhhəti sürətlə pisləşir. O azad edilməlidir “, – Pauer qeyd edib.
Öz növbəsində, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton da “Bəxtiyar Hacıyevin həbsilə bağlı narahatlığını ifadə edən adamların və qurumların sırasına”qoşulub.
“O, özünün siyasi motivli ittihamlarla həbsinə etiraz olaraq aclıq elan edib və vəziyyəti pisləşir, dünya isə müşahidə edir”, – o, Tvitter-də yazıb.
Hacıyev dekabrın 9-da “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamı ilə həbs edilib. O, ittihamları kəsinliklə rədd edir və 47 gündür aclıq edir.
Kennedi adına Harvard Dövlət İdarəetmə Məktəbinin məzunu Hacıyev Azərbaycanda fəallığına görə daim təqib olunur. 2010-cu ildə parlament deputatlığına namizəd olub. Bir il sonra, 2011-ci ilin martında hərbi xidmətdən yayındığına görə iki il həbs cəzasına məhkum edilib, lakin Amerikanın o vaxtkı dövlət katibi Hillari Klintonun Bakıya səfəri ərəfəsində doqquz ay öncə azad edilib.
Turan