Fevralın 22-də vəkillər Aqil Layıc, Fəxrəddin Mehdiyev, Şəhla Hümbətova və Rövşanə Rəhimli Penitensiar Xidmətin müalicə müəssisəsində fəal Bəxtiyar Hacıyevə baş çəkiblər. O, 45 gündür aclıq edir.
“Bəxtiyar Hacıyevin səhhəti təhlükəlidir. Dilinin üstü yaşıl rəngdədir. Həkimlər deyirlər ki, aclığın nəticəsi olaraq öd kisəsində proseslər gedir və bu səbəbdən dilinin rəngi yaşıldır”, – Aqil Layıc Turan-a bildirib.
Bu gün müstəntiq də tibb müəssisəsinə gəlib və əlavə ekspertiza təyin edib.
“Bu, həbs müddətini süni şəkildə artırmaq üçün bəhanədir”, – digər vəkil Elçin Sadıqov deyib.
Bəxtiyarın ilkin həbsi fevralın 28-də başa çatır, yeni ekspertiza isə vaxt tələb edir. Buna görə də yeni məhkəmə iclasını gözləmək lazımdır, o, həbs müddətini uzadacaq, belə ki, istintaq formal olaraq başa çatmayıb, çünki ekspertizanın nəticəsini gözləmək lazımdır, Elçin Sadıqov belə hesab edir.
Bəxtiyar Hacıyev 45 gündür ki, aclıq edir, bunun 5 gününü quru aclıq edib. Hüquq müdafiəçisi onun və bütün siyasi məhbusların həbsdən azad olunmasını tələb edir.
“O, ayaq üstə dura bilmir, daim başı gicəllənir, danışanda çətinlik çəkir. Çəkisi 84,5 kiloqramdan 67,7 kiloqrama düşüb, qan təzyiqi 85/60-dır, qanda şəkətin miqdarı 3,2 faizə düşüb”, – vəkil Rövşanə Rəhimli deyb.
1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan fəal səhhətinin kəskin pisləşməsilə əlaqədar fevralın 11-də Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Ancaq Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən alcığa başlayıb və bu günədək davam etdirir.
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
Məhkəmələr Bəxtiyar Hacıyevin ev dustaqlığına keçirilməsi və ya məhkəmə istintaqının başlanmasına qədər girov müqabilində azad edilməsilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini təmin etməyiblər.
Turan