İyulun 28-də Bakı Apellyasiya Məhkəməsində “Tovuz işi” üzrə həbs olunmuş 7 nəfərin məhkəmə prosesi davam etdirilib. Prosesə hakim İlqar Murğuzov sədrlik edib.
Məhkəmədə vəkil Elçin Sadıqovun vəsatətləri təmin edilməyib.
“Məhkəmənin apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılmaqla baxılması barədə vəsatət verdim. Birinci istansiya məhkəməsində təqsirləndirilən şəxslər ifadə vermək istəyiblər, amma məhkəmə onların ifadəsini dinləməyib. Bu səbəbdən apellyasiya instansiyasında təqsirləndirlən şəxslərin son söz deməsi ilə bağlı vəsatət verdim. Daha sonra isə ittihamın mahiyyəti mühakimə olunan şəxslərə izah edilsin deyə vəsatət verdim. Lakin bu vəsatətlərim təmin olunmadı. Bu işdə adı keçən İmran Vəlibəyovun məhkəmədə dindirilməsini də tələb etdim, amma təmin olunmadı”, – vəkil Elçin Sadıqov qeyd edib.
Bu işin fiqurantları bir neçə il əvvəl qanunsuz silahlı birləşmələrin tərkibində Suriyada müharibədə iştirak etməkdə ittiham olunurlar. Təqsirləndiirlən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1(dini ədəbiyyatın qanunsuz istehsalı, idxalı və yayılması), 167-3.1 (dini-ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214(terrorçuluq) və 218 ( cinaətkar birlik yaratmaq) maddələri ilə ittiham olunurlar.
Bakı Ağır Cinayətlər Məhkəməsində onların barəsində 2 il 6 aydan 8 ilə kimi hökm oxunub.
Növbəti məhkəmə iclası avqustun 5-də olacaq.
Turan