İyunun 22-də Bakının Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktına əsasən həbs edilən şəxslərin cinayət işi üzrə üçüncü qrupun məhkəmə prosesində hökm oxunub. Bununla da bu cinayət işi üzrə məhkəmə prosesləri başa çatıb.
Təqsirləndirilən şəxslərin əksəriyyəti məhkəmələrin hökmündən apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Hökmə əsasən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları İsmayıl Həsənov, Ceyhun Novruzov, Gündüz Mirzəyev, Baba Süleymanov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Ramid Nağıyev, bitərəflər Ceyhun Məmmədov, İsmayıl Məmmədov, Emin Hüseynzadə, Fariz Məmmədov, Vüsal Quliyevin hər birinə 2,5 il sınaq müddəti olmaqla, 2 il 10 ay şərti cəza təyin olunub.
Təqsirləndirilən şəxslər ittihamı qəbul etmədiklərini və bunun siyasi sifariş olduğunu bildiriblər.
Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.
* 2020-ci il iyulun 14-də axşam saatlarında Bakıda Qarabağın azadlığı uğrunda müharibəyə başlamaq tələbi ilə çoxminlik kortəbii yürüş başlayıb. Yürüş gecə boyunca davam edib və 15 iyul səhər saatlarında başa çatıb. Yürüş iştirakçılarının bir hissəsi parlament binasına daxil olub və binaya ziyan vurub.
Turan