Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlər qaldırıb.
Onlar məhkəmədə audio, video və digər yazan texniki vasitələrdən istifadə edilməsini və İ.Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.
Vəsatətlər təmin edilməyib.
Zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Quliyev Şərif bildirdi ki, 2019-cu ilin noyabrın 21-də məktəbdən gələndən sonra ona əmisigildən gödəkcəsini gətirməyini tapşırıb.
«Bir saat keçməsinə baxmayaraq, Nərminin gəlmədiyini görəndə digər qızım Şəbnəmi onun dalınca göndərdim. Bir neçə dəqiqədən sonra Şəbnəm gödəkcəni gətirdi, amma Nərmindən xəbər olmadı. Elə bildim ki, digər nənəsigildədir».
O, qeyd etdi ki, axşam saat 7-də qardaşı qızını xeyir işi ilə əlaqədər qonşu kəndə gedib.
«Axşam 9-dan sonra gəldim, Nərmini axtardıq, amma o, tapılmadı. Saat 10-dan sonra 102 xidmətinə zəng etdim. Beləcə, polis axtarışa başladı».
Şərif Quliyev məhkəmə ifadələrində onu da qeyd edib ki, təqsirləndirilən şəxsin polis işləyən Murad adlı əmisi oğlu səhəri günü Dondar Quşçu kənd dəmir yolunun kənarında ona pul təklif edib.
Məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.