AXCP sədrinin mühafizəçisinin məhkəməsi davam edir, zərərçəkmişlər məhkəməyə gəlmir

tərəfindən Gozetci

Martın 3-də Bakının Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Ruslan Əmirovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Əmirov barəsində Cinayət Məcəlləsinin 5 maddəsi üzrə cinayət işi başlanıb. O, polisin nəzarətinə verilib.

Ruslan Əmirov 2020-ci il iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi əsasında istintaqa cəlb edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 32.3 və 34.2 (Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi), 186.2.1, 186.2.2 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 ( Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Ruslan Əmirov bildirib ki, o, dinc aksiyada iştirak edib, ancaq hər hansı qanunsuz hərəkətə yol verməyib. “Mənə qarşı olan ittihamda 22 nəfər zərərçəkən var. Mən onları tanımıram, onlar da məni tanımır. Məhkəməyə də gəlmirlər. Gəlsinlər, görüm kimə zərər vurmuşam? İttiham aktında Milli Məclisin dağıdılması, avtobusların aşırdılması, şkafların aşırdılması, televizorların sındırılması və s. yazılıb. Mən ittihamın heç birini qəbul etmirəm. Çünki orada olmamışam. Mən yürüşdə iştirak etmişəm, amma Milli Məclisdə olmamışam. Mən də istəyirəm ki, Milli Məclisin, dövlət obyektinin dağıdılmasında əli olanlar cəzalandırılsın”, deyə o qeyd edib.

Vəkil Bəhruz Bayramov da cinayət işində Ruslan Əmirovun təqsirini sübuta yetirəcək hər hansı bir sübut olmadığını deyib.

“İstintaqın məhkəmədə hansı sübutlarla ittihamı müdafiə edəcəyi mənə aydın deyil. İttihamı absurd hesab edirəm. Ruslan Əmirova özgə əmlakını qəsdən məhv etmək ittihamı da veriblər. Bir epizodda 76 730 manat ziyan qoyublar. Amma onu sübut edəcək bir fakt belə yoxdur. Hətta Əmirovun hansısa əmlaka yaxınlaşması barədə belə hər hansı fakt yoxdur”, deyə vəkil bildirib.

AXCP-nin məlumatına görə, ötən il iyulun 14-15-də Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə keçirilən aksiyadan sonra bu partiyanın 45 fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb”, deyə məlumatda qeyd edilir.

Turan

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az