“Görünür məsələni ört-basdır etmək istəyənlər var”

tərəfindən Gozetci

Nəcəfkənd-Qələnxur meşəsi

Ağacların kimlərin kəsdiyi hələ bəlli deyil

Qusarın Nəcəfkənd-Qələnxur meşələrindəki ağaclar kütləvi qırılıb. Qırılan ağacların Qusarın mavi yanacaq olmayan kəndlərinə və ətraf rayonlara bazar qiymətindən daha ucuz satıldığı bildirilir. Ağacları kimlərin kəsdiyi isə hələlik, məlum deyil.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ərazinin dövlət sərhəd zonasına aid olduğunu söyləyir. Dövlət Sərhəd Xidmətinin isə adının çəkilməsini istəməyən əməkdaşı bildirir ki, bəli, meşə ərazisi onların nəzarətindədir. Bu, illərdir belədir. Amma ağacları kəsənlər onlar deyil:

“Həmin ərazilər illərdir bizim nəzarətimizdədir. Bir ağac da kəsilməmişdi. Yəni bunu edən sərhədçilər deyil. Bu barədə nazirliyin əməkdaşına da bildirmişik. Ona görə də araşdırma başlanıb. Ümid edirəm tezliklə edənlərin kim olduğu, onlara bunu etmək üçün kimlərin izin verdiyi ortaya çıxar”.

“Ərazidə 800 hektarlıq bağ salmaq istəyirlər”

Ərazidəki ağacların kəsildiyini ortaya çıxaran eko-aktivist Cavid Qaradır. Onda olan məlumata görə, ərazidə 800 hektarlıq bağ salmaq istəyirlər. Onun təqribən 200 hektarı meşə ərazisinə düşür:

“Ərazinin sərhədləri elan edilmədiyi üçün dəqiq nəsə demək çox çətindir. Ancaq meşə zolağını məhv etməklə bağ salmaq qəbuledilməzdir”.

“Ərazidə 800 hektarlıq bağ salmaq istəyirlər”

“Qırılanların hamısı çoxillik, sağlam ağaclardır”

Cavid Qara deyir ki, ağacları çox sürətlə qırıblar. Hamısı da çoxillik, sağlam ağaclardır. Bundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də xəbəri var. Çünki problemi sosial şəbəkələr vasitəsilə ictimailəşdirib. Ancaq araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat verilməyib:

“Sərhəd zolağında yerləşdiyi üçün uzun illərdir toxunulmamış meşədir, orda nəhəng ağaclar var. Odur ki, elə böyük ağaclardan başlayıblar kəsməyə. Kiçiklərini bulduzerin qabağına verəcəkdilər. Ancaq biz problemi ictimailəşdirəndən sonra prosesi dayandırıblar. İndi bilmirəm bu, müvəqqətidir, ya yox. Məlumat verilmir. Halbuki, araşdırmaya günlərdir başladıqlarını deyirlər, nə oldu, günlər keçib, niyə bitmədi?”

“Görünən odur ki, məsələni ört-basdır etmək istəyənlər var”

Cavid Qara düşünür ki, əgər həqiqətən araşdırma aparacaqdılarsa, şikayət edəni çağırıb, əraziyə yerində, birgə baxa bilərdilər. Ancaq özləri tək araşdırır və bu da onda şübhələr yaradır:

“Görünür məsələni ört-basdır etmək istəyənlər var. Yoxsa günlərdir dəymiş ziyan niyə araşdırılıb bitmir? Və bizi araşdırmalara niyə dəvət etmirlər? Burada məni qane edən tək məqam prosesin dayanmasıdır. Amma bu, müvəqqətidirmi, daimidirmi, açıqlanmır. Nə qədər ziyan dəyib, kimlər cəzalandırılıb, bilinmir”.

“Bildirdilər ki, orada ağacların kəsilməsi qanunsuz həyata keçirilmir”

Cavid Qara problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edəndə ona həmin meşə zolağının Dövlət Sərhəd Qoşunlarının istifadəsində olduğunu deyiblər:

“Bildirdilər ki, orada ağacların kəsilməsi qanunsuz həyata keçirilmir. Ancaq tamamilə yalan danışırlar. Çünki qanunla kəsilsəydi, ağaclar işarələnməli, kəsintilər qeydə alınmalı idi. Bunların heç biri edilməyib”.

“Ermənilər orda bizim meşələri qırır, bizimkilər burda”

Cavid Qara bildirir ki, meşə ərazisi az deyil. Təqribən 200 hektar yetişkin meşədir. Odur ki, qarşısı alınmalıdır:

“Yoxsa Ermənistanın ekoloji terrorundan danışmağa cəmiyyət olaraq mənəvi haqqımız yoxdur. Qoy dövlət danışsın, biz yox. Keçən dəfə bir kəndli yarızarafata dedi ki, ermənilər orda bizim meşələri qırır, bizimkilər burda. Sonra da əlavə etdi ki, hesab 1:1-dir. Mən də dedim ki, yaxşı fikirləş, 2:0 olar”.

ETSN: “Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Meydan TV-yə bildirilib ki, ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır:

“Qusar rayonunda dövlət sərhəd zonasının Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb”.

“Ağacların kəsilməsi faktı aşkar edilib”

Xidmətin rəisi Hikmət Əlizadə də bildirib ki, əraziyə keçirilən baxış zamanı ağacların kəsilməsi faktı aşkar edilib:

“Araşdırma zamanı ağacların kəsildiyi ərazinin Dövlət Sərhəd Xidmətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinə aid olmadığı məlum olub. Hazırda təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır”.

“Ərazi itirə bilərik”

“Görünür məsələni ört-basdır etmək istəyənlər var”

Cavid Qara isə deyir ki, meşənin hərbi strateji əhəmiyyəti var. Əvvala o meşə qırılsa, Samur çayı növbəti çay daşqının məcrasını bizim əraziyə doğru xeyli dəyişə bilər:

“Xəritədə ərazi bizim olsa da, bu, ərazi itkisi olacaq. Bundan başqa son müharibə də göstərdi ki, meşələr hərbi əməliyyatlarda təbii kamuflyaj rolunu oynayır. Sərhədboyu meşələrin hərbi starteji əhəmiyyəti haqda hərbi ekspertlər daha dolğun məlumat verə bilər”.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az