AXCP üzvləri həbsdə qaldı

tərəfindən Gozetci

[:az]İyulun 15-də Qarabağa dəstək yürüşündən sonra saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvləri haqqında həbs qərarından apellyasiya şikayəti verilib. İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində həbsdəki cəbhəçilərdən beşinin, həmçinin partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun şikayətinə baxılıb.

AXCP üzvlərinin şikayətləri təmin edilməyib, onların barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda qərarlar qüvvədə saxlanıb.

Təcridxanadan göndərilən məktub çap olunub

Məhkəmə prosesləri ayrı-ayrılıqda və qapalı keçirilib. Təqsirləndirilən şəxslərin heç birini məhkəməyə gətirməyiblər. Məsələn, Mehdi İbrahimov və AXCP Təşkilat Şöbəsinin əməkdaşı Ramid Nağıyev haqqında arayış təqdim olunub ki, onlar COVID-19 (koronavirus) infeksiyasına yoluxub, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində intensiv müalicə alır. Ona görə də məhkəməyə gətirilməyiblər.

Vəkillər onların iştirakı olmadan məhkəmənin keçirilməsinə etiraz ediblər. Heç olmasa, onlayn qaydada təqsirləndirilən şəxslərin özlərinin də iştirakının təmin olunmasını istəyiblər. Amma bu barədə vəsatətlər rədd edilib.

Başqa bir cəbhəçi Seymur Əhmədzadə haqqında isə Bakı İstintaq Təcridxanasından məktub göndərilib. Orada yazılıb ki, özü məhkəmədə iştirak etmək istəmir. S.Əhmədzadənin vəkili Elçin Sadıqov onun belə bir məktub göndərməsinə şübhə ilə yanaşdığını söyləyib. Vəkil fikrini əsaslandırarkən deyib ki, bu məktub çap olunub, təcridxanada təqsirləndirilən şəxsin isə belə imkanı yoxdur.

“Bulvarda taksiyə minib, evə qayıdıb”

Digər təqsirləndirilən cəbhəçilər – Ayaz MəhərrəmliBaba Süleymanov və Məhəmməd İmanlının vəkilləri də onların iştirakının təmin edilməsi haqda vəsatətlər qaldırsalar da, “yox” cavabı alıblar. Həbsdəki şəxslərin onlayn qaydada prosesə qoşulması haqda vəsatətə gəlincə, hakimlər deyiblər ki, Bakı Apellyasiya Məhkəməsinin bunu təmin etmək üçün texniki avadanlığı yoxdur.

Vəkillərin AzadlıqRadiosuna bildirdiyinə görə, iyulun 27-də şikayətinə baxılan AXCP üzvlərinin heç biri özünü təqsirli bilmir.

“Seymur Əhmədzadə haqqında birinci instansiya məhkəməsində həbs qərarı çıxarılanda da o dedi ki, təqsirsizdir. Qarabağ dəstək məqsədilə yürüşdə iştirak edib. Amma nə Milli Məclisə daxil olub, nə də hansısa başqa qanunsuz işdə iştirak edib. Bir qədər yürüşdə olandan sonra bulvarda taksiyə minib, evə qayıdıb”, – vəkili E.Sadıqov belə deyir.

Həbs olunan cəbhəçilərin bir neçəsinin işgəncəyə məruz qalması barədə məlumatlar yayılıb. Adları çəkilənlərdən biri də Ramid Nağıyevdir. İddia olunur ki, işgəncə nəticəsində aldığı xəsarətlərə görə onu Bakı İstintaq Təcridxanasına yox, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə aparıblar.

R.Nağıyevin vəkili Aqil Layıc müvəkkili ilə görüşə bilmədiyini deyir. Vəkilin sözlərinə görə, bu üzdən sağlamlığı, durumu barədə məlumatsızdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov isə AzadlıqRadiosuna açıqlamasında həbs olunan cəbhəçilərə işgəncə verilməsi barədə deyilənlərin uydurma olduğunu bildirib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az