91
[:az]
Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir qərarla yerli dövlət orqanlarının qərarından şikayətçi olan ərizəçinin mülkiyyət hüququnun pozulduğuna qərar verib. Bu barədə hüquqşünas Fariz Namazlı sosial şəbəkədə yazıb. Hüquqünasın bildirdiyinə görə, bu qərar Avropa Məhkəməsinin 2019-cu ildə Azərbaycana qarşı çıxarılan 6-cı qərardır. Abdullayeva Azərbaycana qarşı iş mülkiyyət hüququnun pozuntusu ilə bağlıdır. 2005-cı ildə Təzəpir məscidi ərizəçiyə qarşı iddia qaldıraraq pul kompensasiyası qarşılığında ərizəçinin mənzilə olan hüquqlarına xitam verilməsini xahiş edib. Məhkəmə 100.000 dollar qarşılığında mülkiyyət hüquqlarına xitam verib. Ərizəçi isə 252000 dollar tələb edirdi. Məhkəmə qətnamə çıxararkən 1986-cı ildə Nazirlər Şurasının qəbul etdiyi qərara istinad edib. Avropa Məhkəməsi isə sovetin vaxtında qəbul edilən qərarın xüsusi mülkiyyətdən məhrumetmənin əsası kimi istifadə edilməsini qəbul etməyib. Məhkəmə bildirib ki, Azərbaycanın müstəqillik qazandıqdan sonra xüsusi mülkiyyətin qorunması ilə bağlı normalar daxili qanunvericiliyə əlavə edilib. Bu səbəbdən Avropa Məhkəməsi mülkiyyətdən məhrumetmənin hüquqi əsasının olmadığı qənaətinə gəlib və Avropa Konvensiyasının 1 saylı Protokolun mülkiyyət hüququnu təminat altına alan 1-ci maddəsinin pozuntusunu tanıyıb. Ərizəçi kommunikasiya mərhələsində kompensasiya tələb etmədiyindən vurulan zərərlə bağlı kompensasiya müəyyən edilməyib.
[:]