[:az]Hadisə Bakının Nizami rayonunda baş verib
Bakıda noyabrın 8-də avtobus yolu təmizləyən qadını vuraraq öldürüb.
“Report” agentliyi yazır ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.
“Daewoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda yol təmizliyi ilə məşğul olan qadınların avtomobil qəzası nəticəsində həlak olması birinci dəfə deyil.
2018-ci il martın 27-də Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
2013-cü ildə, hazırda Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyan, Azərbaycan milli yığmasının üzvü Araz Abdullayevin Bakının Xətai rayonu ərazisində iki yol süpürən qadını avtomobillə vurması olmuşdu.
O zaman qadınlardan biri həlak olmuş, digəri isə yaralanmışdı.Qeyd olunan hadisələrdən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi ilə təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması paylanıldı.
Yolda təmizlik işi aparan qadınların təhlükəsizliyinin qorunması məqsədi ilə Daxili İşlər Nazirliyi onlara xüsusi gödəkçələrin paylandığını bildirib.
Meydan Tv[:]