[:az]Taleh Bağırov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb[:]

tərəfindən Gozetci

[:az]Fevralın 22-də Ali Məhkəmədə «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və 2015-ci il noyabrın 26-da Nardarandakı əməliyyatda həbs olunmuş daha 16 nəfərin kasasiya şikayətinə baxılıb. Ali Məhkəmədə bu işi araşdırmaq Şahin Yusifovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub.

Məhkəmədə təqsirləndirilən şəxslər iştirak etməyib. Məlum olub ki, kasasiya şikayətlərini imzalayan vəkillərdən də cəmi üç nəfər iştirak edir – Fariz Namazlı, Elçin Sadıqov və Zibeydə Sadıqova.

Hakim digər vəkillərin naməlum səbəblərdən iştirak etmədiyini desə də, müdafiəçilər məhkəmənin nəzərinə çatdırıb ki, həmin vəkillərdən ikisi – Yalçın İmanov və Fəxrəddin Mehdiyevin fəaliyyəti dayandırılıb. Yalnız Nemət Kərimli qalır ki, o da rayonlardan birində başqa məhkəmə prosesində iştirakına görə gələ bilməyib.

Ali Məhkəmədə iştirak edən vəkillər çıxışlarında hüquqlarını müdafiə etdikləri şəxslərə qarşı işgəncələrdən, istintaq və məhkəmə zamanı yol verilmiş qanun pozuntularından danışıblar. Bildiriblər ki, hətta məhkəmə dövründə də şahidlərə təzyiq olunub. Onların bir çoxu məhkəməyə gəlməmişdən öncə polis idarəsinə çağrılıb, onlardan Taleh Bağırovun əleyhinə ifadə vermək tələb olunub:

«Ramil Usubovun Nardaran əməliyyatı ilə bağlı açıqlaması olmuşdu. Ona görə də biz məhkəmədə nazirin dindirilməsi haqda vəsatət qaldırdıq. Bundan sonra təqsirləndirilən şəxslərə və vəkillərə hücum dalğası başladı. Televiziyalarda bu işə çıxan vəkillər «xüsusi təyinatlı vəkillər» adlandırıldı. Daxili İşlər Nazirliyinin mətbuat katibi məhkəmə başa çatmadan bəyan etdi ki, təqsirləndirilən şəxslər ağır cəza alacaq və s. Deyildiyi kimi də oldu, həmin işə çıxan vəkillərdən ikisini Vəkillər Kollegiyasından xaric elədilər, təqsirləndirilən şəxslərə 10 ildən 20 ilə qədər ağır cəzalar verildi».

Vəkil Z.Sadıqova Nardaran əməliyyatında təqsirləndirilən şəxslərdən tapıldığı iddia olunan silahlar haqda danışıb. Bildirib ki, cinayət işinin materiallarında həmin silahların Rusiyadakı zavodlarda istehsal olunduğu yazılıb. Həmin zavodlara göndərilmiş vəkil sorğusuna cavab olaraq bildirib ki, onlar belə silah istehsal etməyiblər.

Müdafiəçilər deyir ki, Nardaran əməliyyatına rəhbərlik etmiş əsas fiqur – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanov dindirilməyib.

Vəkillər çıxışlarının sonunda təqsirləndirilən 18 nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dörd əməkdaşı – Kərim Əlimərdanov, İslam Ağabəyov, İbrahim Kazımov və Şahlar Cəfərov barəsində xüsusi qərar çıxarılmasını istəyiblər. Çünki təqsirləndirilən şəxslər həmin idarədə onlara işgəncə verən əsas şəxslər kimi onların adlarını çəkir.

K.Əlimərdanov istisna olmaqla, digər üç nəfər məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib edib, kimsəni döymədiklərini bildiriblər.

Vəkillər həmçinin, təqsirləndirilən şəxslərin həbs olunduqdan sonra iki aya yaxın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasını, məhkəmə hökmü olmadan onların «terrorçu», «cinayətkar» kimi təqdim olunmasını hüquq pozuntusu kimi qiymətləndirilməsini xahiş ediblər.

Hakim Şahin Yusifov məlumat verib ki, təqsirləndirilən şəxslərdən üçü – Abbas Hüseynov, Abbas Quliyev və Şamil Abduləliyev Ali Məhkəməyə ərizə göndərib, prosesdə iştirak etmək istədiklərini bildiriblər. Prokuror buna etiraz edib. Amma məhkəmə onların müraciətini təmin edib. Növbəti məhkəməyə adları çəkilən şəxslərin gətirilməsinə qərar verilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər razılaşmayaraq, ittihamların saxta olduğunu, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Sözügedən idarə əməkdaşları məhkəmədə ifadə verərkən, işgəncə iddialarını təkzib ediblər.

Azadliq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az