[:az]Bloklanmış saytın redaktoru məhkəmə qərarına etiraz edir
Azərbaycan daxilində girişi bloklanmış “Criminal.az” saytı Beyləqanın Təzəkənd kəndindən olan bir müəlliməyə başqa üç saytla müştərək qaydada 40 min manat təzminat ödəməlidir. Bu barədə əvvəlcə Beyləqan rayon Məhkəməsi qətnamə çıxarıb. Şirvan Apelyasiya Məhkəməsi isə qətnaməni qüvvəsində saxlayıb.
Bu barədə saytın rəhbəri Anar Məmmədli məlumat verib. Onun sözlərinə görə, Gülnar Yusifova adlı müəllimə “Criminal.az” saytı da daxil olmaqla bir neçə saytı məhkəməyə verib. O, həmin sayt rəhbərlərinə qarşı şərəf və ləyaqətin müdafiəsi, şərəf və ləyaqətə görə pul tələbinə və cavabdehin təkzib verməklə rəsmi üzr istəməsinə dair iddia qaldırıb. Məhkəmədən xahiş edib ki, onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə cavabdehlərdən müştərək qaydada 40 min manat təzminat alınaraq ona ödənilsin.
İddiaçı bildirib ki, rayonun 1-ci Şahsevən kəndində yaşayan İsmayıl Nəsirov onun barəsində “ajantv.com” saytında heç bir əsası olmayan, “Beyləqan məktəbində rəzalət” başlıqlı yazı dərc etdirib. Yazıda müəllimənin öz şagirdindən hamilə qalması barədə məlumatlar əksini tapıb.
Anar Məmmədov deyir, Beyləqan rayon Məhkəməsi ötən il avqustun 11-də yalnız iddiaçının iştirakı ilə iddia ərizəsinə baxıb. Cavabdehlərin heç birini məhkəməyə dəvət etməyib. Məhkəmənin vaxtı və yeri barədə onları əvvəlcədən xəbərdar etməyib. Hakim Nəsrullah Əliyev iddianı təmin edib. Criminal.az saytının baş redaktoru birinci məhkəmənin qətnaməsindən apelyasiya şikayəti verərək, yazını başqa sayta istinad edərək rəhbərlik etdiyi sayta yerlədirdiyini və birinci saytın təkzib vermədiyini qeyd etsə də, Şirvan Apelyasiya Məhkəməsi deyilənləri qəbul etməyib. Birinci məhkəmənin qətnaməsini qüvvəsində saxlayıb.
Anar Məmmədov iddia edir ki, bununla hakim “Kütləvi İnformasiya Vasitələri Haqqında” Qanunun 62-ci maddəsini pozub:
“Həmin maddəyə görə, yayılmış məlumatlar təkzib edilməmişsə, onu yenidən yayan şəxs məsuliyyət daşımamalıdır. Beyləqan rayon Məhkəməsinin, ardından da Şirvan Apelyasiya Məhkəməsinin hakimi Tofiq Heydərovun sədrlik etdiyi məhkəmə KİV haqda qanunun bu maddəsini pozmaqla əsassız qətnamə qəbul edilib”.
Redaktor deyir, təkcə yerli qanunvericilik yox, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiyanın 10-cu maddəsi də pozulub:
“Avropa İnsan Hüquqları Məhkəməsinin dönə-dönə dediyi kimi: “İfadə azadlığı cəmiyyətin mühüm təməllərindən birini, onun tərəqqisi və hər kəsin gəlişməsi üçün baza şərtlərdən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndi nəzərə alınmaqla, ifadə azadlığı təkcə xoş qarşılanan, ziyansız sayılan “bilgi və ideyalara” deyil, həm də dövləti və ya əhalinin hər hansı bir bölümünü incidən, şoka salan və ya narahat edən “bilgi və ideyalara” da tətbiq edilir. Plüralizmin (çoxsəsliliyin), dözümlülüyün və geniş düşüncəliliyin tələbləri belədir. Bunsuz “demokratik toplum” yoxdur. Jurnalist azadlığı mümkün şişirtmə, hətta provokasiya imkanlarını da əhatə edir”.
Anar Məmmədov Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Bir əsgər ölümü ilə bağlı yerləşdirdiyi yazı və fotolara görə Azərbaycan daxilində “Criminal.az” saytına giriş bloklanıb. Rabitə və İnformasiya Nazirliyi sayt rəhbərinə bloklanmadan xəbərsiz olduğunu bildirib. Hazırda sayta yalnız VPN vasitəsilə daxil olmaq mümkündür.
Meydan TV
[:]