Anar Məmmədli və Anar Abdulla
Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.
Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb.
Dövlət ittihamçısı məhkəmədən Anar Abdulla barəsində mövcud olan polisin nəzarətinə vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini istəyib.
Prokuror təqsirləndirilən Anar Abdullanın polisin nəzarətinə veirlmə qətimkan tədbirinin şərtlərini pozduğunu bildirərək, onun məhkəmə zalında həbs edilməsini xahiş edib.
Anar Abdullanın hüquqlarını müdafiə edən vəkil Günay İsmayılova isə qətimkan tədbirinin şərtlərinin pozulması iləbağlı prokuror tərəfindən irəli sürülən halların əsassız olduğunu bildirib.
Vəkil bildirib ki, Anar Abdulla bütün məhkəmə proseslərində iştirak edib. “Anar Abdullanın barəsindəki qətimkan tədbirinin şərtləri barədə ona Nərimanov rayon Polis idarəsindən bildirilib ki, Binəqədi rayon Polis İdarəsindən ona sənə zəng ediləcək. Amma bununla bağlı ona hər hansı rəsmi məlumatlandırma, mesaj, zəng və ya başqa formada dəvət olmayıb. Belə bir qayda və ya dəvət haqqında məlumatlandırılmadığı halda, qətimkan tədbirinin qaydalarına necə əməl edilmədiyi aydın deyil”. Vəkil Günay İsmayılova həmçinin qeyd edib ki, Anar Abdullanın himayəsində yaşlı və ağır xəstəliyi olan anası var. O, məhkəmədən bu halların nəzərə alınmasını istəyib.
Vəkil Elçin Sadıqov da qeyd edib ki, Anar Abdullanın ölkədən çıxışına qadağa qoyulub. Belə olan halda o heç bir yerə gedəbilməz və yenə də məhkəmələrdə iştirak edə bilər.
Daha sonra Anar Məmmədli Anar Abdullanın məhkəmə ərəfəsində inzibati həbsə məruz qalmasını, həmçinin onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini siyasi sifarişadlandırıb. “Siz bu ittihamları təmin etməklə göstərirsiniz ki, Bakı Ağır Cinayətlər məhkəməsi Bakı Ağır Sifarişlər Məhkəməsinə çevirilir”.
Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib, Anar Abdulla məhkəmə zalında həbs edilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Anar Məmmədli və Anar Abdulla özlərini təqsirli bilməyiblər.
SMDT rəhbəri ittiham aktının yazılma formasına da etirazını dilə gətirib və orada nə yazıldığının heç anlaşılmadığını deyib.
Bu məsələ ilə əlaqədar Anar Məmmədli ilə prokuror arasında mübahisə yaranıb. Vəkillər də Anar Məmmədlinin fikirlərinidəstəkləyərək bəzən ittiham aktında bir cümlənin 12 səhifəyədək yer tutduğunu söyləyiblər.
Növbəti məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.
Xatırlaqdaq ki, Anar Abdulla Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 11 iyulda İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.
Anar Məmmədli ötən ilin aprel ayının 29-dasaxlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də Anar Məmmədli işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.