Elgiz Qəhrəman “Meclis.info” işi üzrə təqsirləndirilir

tərəfindən Gozetci

Elgiz Qəhrəman

Siyasi fəal Elgiz Qəhrəman “Meclis.info” işi üzrə təqsirləndirilir. Bu barədə onun özü martın 7-də sosial şəbəkə hesabında məlumat verib.

Qəhrəmanın dediyinə görə, o, fevralın 28-də dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Dindirilmədən sonra o, “Meclis.info” işi üzrə təqsirləndirilən şəxs elan olunub və barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

Elgiz Qəhrəman Cinayət Məcəlləsinin 8 maddəsi ilə – 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (sənəd saxtalaşdırma) və 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.

Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Qəhrəman 2016-cı ildə narkotik ittihamı ilə həbs olunub və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona 5 il yarım hökm oxunmuşdu. Ali Məhkəmə isə onun cəza müddətini 3 ilə endirmişdi. Fəal özünü günahsız hesab edib və Facebook hesabında yazdığı statusa görə həbs olunduğunu bildirib.

“Meclis.info” saytının rəhbəri İmran Əliyev isə 2024-cü ildə aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında həbs olunub. Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Son olaraq Xətai Rayon Məhkəməsinin qərarı ilə İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 may 2025-ci ilədək uzadılıb.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Onların 27 nəfərini jurnalistlər və bloqerlər təşkil edir.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

AmerikanınSəsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az