Tofiq Yaqublu həbsdə qaldı

tərəfindən Gozetci

Tofiq Yaqublu

 

Bakı Apellyasiya Məhkəməsi Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu həbsdən buraxmaqdan imtina edib. Bu instansiya siyasi fəal haqqında 9 illik həbs cəzasını qüvvədə saxlayıb. Mayın 20-də Bakı Apellyasiya Məhkəməsində Zamin İbrahimovun sədrlik etdiyi hakimlər kollegiyası belə qərar verib.

Tofiq Yaqublunun vəkilləri məhkəmə iclasında deputat Zahid Orucun və Fransada yaşayan jurnalist Qənimət Zahidin dindirilməsi məsələsini qaldırıblar.

“Zahid Oruc müsahibəsində göstərib ki, Tofiq Yaqublu hökumət haqqında səsləndirdiyi fikirlərə görə cəzalandırılıb. Xahiş edirik, məhkəməyə çağrılsın, gəlsin, dediklərini əsaslandırsın”, – vəkil Nazim Musayev deputatın dindirilməsi haqda vəsatəti belə əsaslandırıb.

Müdafiəçi sözügedən müsahibəni də hakimlərə təqdim edib.

Tofiq Yaqublunun özü də Zahid Orucun məhkəməyə gəlməsini vacib sayır. Deyir ki, deputatın müsahibəsi onun siyasi sifarişlə həbs olunmasının etirafıdır:

“Zahid Oruc hökumətin sözünü deyən adamdır. Onun dedikləri mənim siyasi sifarişlə cəzalandırılmağımın sübutudur”.

Jurnalist Qənimət Zahidin videokonfrans vasitəsiylə məhkəmədə dindirilməsinə gəlincə, vəkillər deyirlər ki, əslində, istintaq dövründə müstəntiq bunu etməliydi, axı cinayət işində onun da adı hallanır və iddia edilir ki, Tofiq Yaqublu Qənimət Zahidlə işbirliyində olub. Di gəl, bununla bağlı heç bir araşdırma aparılmayıb.

Daha bir vəsatətsə zərərçəkmiş qismində tanınan şəxsin – Elşən Hüseynovun xaricə gediş-gəlişiylə bağlı bilgilərin əldə olunmasından ötrü məhkəmənin sorğu verməsi barədə olub. Vəkillər deyir ki, E.Hüseynov Almaniyaya getməkdən ötrü T.Yaqubluya 25 min avro və 10 min manat pul verdiyini iddia edir:

“Amma biz araşdırmalarımızla müəyyənləşdirmişik ki, bu adam özü maşın alveriylə məşğul olub, dəfələrlə viza alıb, xarici ölkələrdə olub. Yəni onun xaricə getməsi üçün kiminsə köməyinə ehtiyacı yox idi. Biz sorğu vermişik, lakin cavab almamışıq. Ona görə xahiş edirik, məhkəmə özü sorğu versin, görək ki, Elşən Hüseynov neçə dəfə xarici ölkəyə gedib-gəlib”.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri qaldırılan vəsatətlərin heç birini təmin etməyib.

Tofiq Yaqublu vurğulayıb ki, istintaqda müstəntiqin başladığı saxtakarlıqları Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyev davam etdirib. Onun sözlərinə görə, məhkəmədə dindirilən şahidlərin ifadələri də saxtalaşdırılaraq protokollara təhrif olunmuş şəkildə yazılıb:

“Hətta Maya xanımın (həyat yoldaşı-red.) ifadəsini də saxtalaşdırıb elə yazıblar ki, guya məhkəmədə mənim əleyhimə ifadə verib. Bilirsiniz bütün bu saxtakarlıqlar niyə edilir? Çünki vicdan yoxdur”.

Siyasi fəal əlavə edib ki, apellyasiya məhkəməsinin hakimlərindən də ədalət gözləntisi yoxdur.

Tofiq Yaqubluya bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu hökmlə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələriylə təqsirli bilinib və ona 9 il həbs cəzası kəsilib.

Siyasi fəal ittihamları “qurama” adlandırıb, etiraz olaraq aprelin 1-dən mayın 10-dək 40 gün aclıq aksiyası keçirib.

Tofiq Yaqublu bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanılıb.

Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir və deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər. Beynəlxalq insan haqları qurumları hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

AzadlıqRadiosu

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az