Anar Abdulla
Aprelin 8-də ictimai fəal Anar Abdulla Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Anar Abdulla Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT-nin) həbsdə olan rəhbəri Anar Məmmədli ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib və təqsirləndirilən şəxs qismində tanınıb.
İctimai fəal haqqında məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
AzadlıqRadiosunun bilgisinə görə, Anar Abdullaya Cinayət Məcəlləsinin 7 maddəsiylə (qanunsuz sahibkarlıq, vergidən yayınma, qaçaqmalçılıq, cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılması və s.) ittiham verilib.
Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
İctimai fəal Anar Abdulla 2016-cı ildə də həbs edilmişdi. O zaman ona polisin qanuni tələbinə tabe olmama ittihamıyla 10 sutka cəza verilsə də, gənc fəal bu ittihamın saxta olduğunu demişdi.